Bakı Ali Neft Məktəbi Rumıniya universiteti ilə müqavilə imzaladı

Bakı Ali Neft Məktəbi Rumıniya universiteti ilə müqavilə imzaladı Bakıda keçirilən birinci Azərbaycan-Rumıniya Universitetlərinin Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) ilə Rumıniyanın Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında razılaşma və "Erasmus+" mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında razılaşma imzalandı.
PGU-nun prorektoru professor Mixail Minesku ilə keçirilmiş görüşdə BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan müqavilələrin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı.
PGU-nun prorektoru prof. Mixail Minesku bildirdi ki, Erasmus+ proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, təcrübə toplamaq, başqa ölkələrdə təcrübə keçmək və tədris etmək imkanları yaradır. O, vurğuladı ki, imzalanmış əməkdaşlıq razılaşması çərçivəsində Erasmus+ proqramı ilə BANM-in tələbələri Ploeşti Neft-qaz Universitetində təhsil ala bilərlər.
M.Minesku həmçinin qeyd etdi ki, 2017-ci ilin oktyabr ayında Ploeşti Universitetində neft-qaz istiqaməti üzrə ali təhsil verilməsinin 50 ili tamam olur. Bildirildi ki, PGU 1948-ci ildə Rumıniyanın sənayeləşmə tələbi və neft-qaz sahəsində ixtisaslı kadr çatışmazlığından irəli gələn ehtiyacları əsasında yaradılmışdır. İlk illərdə institut olaraq fəaliyyət göstərmiş, sonralar isə Ploeşti Neft və Qaz Universiteti adını almışdır (1993). Hazırda Universitetdə Neft-qaz mühəndisliyi, Mexanika və elektrik mühəndisliyi, Neft texnologiyası və neft-kimya kimi fakültələr fəaliyyət göstərir.
Görüşdə, həmçinin Cluj-Napoca Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Sonia Karmen Munteanu da iştirak etdi. O da öz növbəsində təmsil etdiyi universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM-lə əməkdaşlığa açıq olduqlarını bildirdi.
Qeyd edək ki, imzalanmış müqavilələr tələbə mübadiləsi, o cümlədən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər