Bakı Limanı ATU-da logistika laboratoriyası yaradacaq

Bakı Limanı ATU-da logistika laboratoriyası yaradacaq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə Azərbaycan Texnologiya Universiteti (ATU) arasında əməkdaşlığın istiqamətləri genişləndirilir. Bakıda bununla bağlı iki qurum arasında anlaşma memorandumu imzalanıb.
Bakı Limanının inzibati binasında təşkil olunan görüşdə logistika sənayesinin hazırkı durumu və inkişaf perpektivləri barəsində fikir mübadiləsi aparılıb. Limanın Baş direktoru Taleh Ziyadov bildirib ki, yeni yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi nəhəng nəqliyyat qovşağı olmaqla ölkəmizi bu sahədə söz sahibinə çevirəcək. Beynəlxalq yük daşımalarının mərkəzində yerləşəcək liman ölkəyə əlavə vəsait cəlbinə, yeni iş yerlərinin yaranmasına və logistika üzrə mütəxəssislərə tələbatın artmasına imkan verəcək. Buna görə də Bakı Limanı peşəkar logistika mühəndislərinin hazırlanması üçün ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə, elmi potensialın və insan kapitalının artırılması üçün addımlar atmaqda maraqlıdır. ATU-da logistika mühəndisliyi ixtisasının mövcudluğu isə bu əməkdaşlıq üçün daha münbit zəmin hazırlayır.
ATU-nun rektoru, professor Akif Süleymanov isə qeyd edib ki, artıq universitetdə sənaye müəssisələri ilə kadr hazırlığı məsələsində əməkdaşlığın qurulması üzrə zəngin təcrübə formalaşıb. Bu istiqamətdə bir neçə müəssisə ilə səmərəli əlaqələrin qurulduğunu deyən rektor Bakı Limanı ilə əməkdaşlığın perspektivinə inandığını qeyd edib. O, bildirib ki, Qərb bölgəsində həm istehsalat müəssisələri, həm də aqrar sənaye komplekslərinin çoxluğu logistika mühəndislərinə tələbatı getdikcə artırır. ATU-nun Gəncədə yerləşməsi isə universitetin regionda bu sahə üzrə kadr hazırlığı mərkəzinə çevrilməsinə imkan verir.
Sonra Bakı Limanı ilə ATU arasında anlaşma memorandumu imzalanıb. Bakı Limanının Baş direktoru Taleh Ziyadov və ATU-nun rektoru Akif Süleymanov tərəfindən imzalanan müqavilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini, universitetdə logistika sahəsinə aid müfəssəl auditoriyanın yaradılmasını, tələbələr üçün günün tələblərinə cavab verən zəruri tədris materiallarının birgə hazırlanmasını nəzərdə tutur.

ATU-nun Mətbuat Xidməti


Bakı Limanı ATU-da logistika laboratoriyası yaradacaq

Bakı Limanı ATU-da logistika laboratoriyası yaradacaq

Oxşar xəbərlər