Yayın qalan günləri isti keçəcək? - Coğrafiya İnstitutundan PROQNOZ

Yayın qalan günləri isti keçəcək? - Coğrafiya İnstitutundan PROQNOZ Azərbaycanda bu il qızmar istilərin olacağı, yəni 40 dərəcə və ona yaxın temperaturun davamlı olaraq müşahidə ediləcəyi gözlənilmir.
Bunu Təhsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Ötən illərdə yay mövsümündə davamlı istilərin müşahidə edildiyini deyən M.Həsənov qeyd edib ki, 2016-cı ildə iyul ayının sonlarında 37-39 dərəcə istilər 12 günədək davamlı müşahidə edilib: "Lakin bu il yayda 1-2 gün 38-39 dərəcə temperaturun müşahidə ediləcəyi gözlənilsə də, belə yüksək temperaturun ardıcıl olaraq, bir necə gün ərzində davamlı olacağı gözlənilmir".
Onun sözlərinə görə, bu ilki yayın ötən ildəkindən sərin keçəcəyini söyləmək olmaz: "Eyni zamanda, yay ərzində temperaturun o qədər də yüksək, davamlı quraqlığın olacağı gözlənilmir. Ötən illərdə davamlı quraqlıqlar müşahidə edilib. Davamlı quraqlıq odur ki, quru, isti küləklər 1 həftəyədək davam edir, havanın temperaturu davamlı olaraq, 35 dərəcədən yuxarı, havanın nisbi rütubəti 30 faizdən aşağı olur. İndiki proqrnozlar havanın quraqlıq keçəcəyini deməyə əsas vermir".

Təhsil-press.az

Oxşar xəbərlər