Millət vəkilindən QORXUNC XƏBƏRDARLIQ

Millət vəkilindən QORXUNC XƏBƏRDARLIQ Məsul vəzifə tutan məmurun bu cür açıqlama verməsi bizi dərindən düşündürməlidir.
Bu sözləri millər vəkili Fazil Mustafa Laçın rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev son günlər sosial şəbəkədə İraq Kürdüstanının müstəqilliyini dəstəkləməsi, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşması və bununla bağlı mətbuata verdiyi açıqlamaya münasibət bildirərkən deyib:
“Tanrıverdiyev adlı Azərbaycan vətəndaşının açıqlaması bu Vətəni canı qədər sevən, bu dövlətin varlığını qorumaq üçün hər cür fədakarlığa hazır olan insanlardan biri kimi məni o qədər də üzmədi. Heç olmazsa, adam danışaraq hansı təhlükəli düşüncənin mövcudluğu barədə bizləri xəbərdar etdi. Bir daha başımıza döyəclədi ki, dövlət orqanlarımızın içinə bu cür separatçı güclər hansısa əllərin köməyi ilə yerləşə biliblər. Bu məsələyə hüquq-mühafizə orqanlarımız sözsüz ki, prinsipial münasibət bildirdilər və lazımi tədbirləri görəcəklər. Ancaq ermənilərin ordumuz içində agentura şəbəkəsinin ifşasından az keçmiş belə bir təhlükəli mesajın verilməsi bir daha göstərdi ki, vəziyyət ürəkaçan deyil. Azərbaycanda hər bir xalqın təmsilçisinin öz xalqını sevməyinə kimsə irad səsləndirə bilməz. Bu bir təməl insan haqqıdır. Ancaq həm Türkiyənin, həm də Azərbaycanın əleyhinə olan böyük güclərin bu layihəsini sevinclə qarşılamaq Azərbaycana və Türkiyəyə qarşı nifrəti ortaya qoymaqdır. Həm də məsul vəzifə tutan bir məmurun bunu açıq şəkildə etməsi hamımızı dərindən düşündürməlidir”.
Millət vəkili bu açıqlamaları dövlətimizin üçün təhlükəli simptomlar adlandırıb:
“Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, məni işdən "Müstəqil Kürdüstan"a görə çıxardınız, mən də gedib Azərbaycan pasportumu yandıracağam. Yəni "Müstəqil Kürdüstan" naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir.) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik.
Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir. İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib? Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”.

Təhsil-press.az

Oxşar xəbərlər