
Bu sözləri ATMU-nun keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva AZƏRTAC-a müsahibəsində deyib.
Şöbə müdirinin sözlərinə görə, müasir tələblərə cavab verən keyfiyyətli kadrların hazırlığı prosesini həyata keçirmək məqsədilə ATMU-da təcrübə qazanmaq imkanına böyük əhəmiyyət verilir. Belə ki, universitetdə bakalavrlar üçün yay tanışlıq və istehsalat, magistrlər üçün elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr təşkil olunur. Bu prosesin təşkili, gedişata nəzarəti, qiymətləndirilməsi və qeydiyyatının aparılması universitetin keyfiyyət təminatı şöbəsinin fəaliyyətinə aiddir.
N.Abdullayeva vurğulayıb ki, təcrübə dövrünə hazırlıq ərəfəsində “Fairmont Baku”, “Jumeirah Bilgah Beach” və digər bu kimi nüfuzlu otellərin universitetdə təqdimatlarının keçirilməsi, təcrübə proqramları ilə tanışlıq, seçim müsahibələrinin təşkili artıq ənənə halını alıb. Belə tədbirlərin təşkili məzunlarımızın işlə təmin olunmasında böyük rol oynayır.
ATMU-nun Mətbuat Xidməti