"Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda seminar

Oktyabrın 3-də “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə dəstək proqramı - peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda seminar öz işinə başlayıb.
Seminar Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Seminarda Milli Məclisin üzvləri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və işəgötürənlər iştirak ediblər.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki, son illər ərzində Azərbaycanda peşə təhsili və təlimi sistemi prioritet istiqamət kimi müəyyən olunub. Famil Mustafayev ölkənin mövcud iqtisadi potensialının inkişaf etdirilməsi üçün peşə təhsilinin müasir standartlara cavab verməsinin mühüm şərt olduğunu qeyd edib, Avropa İttifaqının Təhsilə dəstək proqramı çərçivəsində həyata keçirdiyi texniki yardımın aparılan islahatlara öz töhfəsini verdiyini deyib.
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli müvafiq istiqamətdə aparılan islahatlardan danışıb, ölkəmizdə ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanunun hazırlandığını diqqətə çatdırıb.
Aİ-nin Azərbaycan nümayəndəliyi üzrə əməkdaşlıq rəhbəri Ceroen Uilyams peşə təhsili sahəsində islahatların həyata keçirilməsi və bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsində təmsil olunduğu qurumun dəstəklədiyi layihə barədə iştirakçılara məlumat verib.
Tədbirdə müxtəlif təşkilatlar tərəfindən Gəncə şəhərində, Qəbələ, İsmayıllı, Qax, Cəlilabad və Bərdə rayonlarındakı ilk peşə-ixtisas təhsili müəssisələrində kənd təsərrüfatı, turizm, eləcə də digər iqtisadi sektorlar üzrə həyata keçiriləcək pilot layihələr təqdim olunub. Eyni zamanda beynəlxalq ekspertlər Finlandiyanın və Estoniyanın kənd təsərrüfatı sektoru üzrə peşə təhsili təcrübəsini bölüşüblər.
Seminar 20-24 noyabr 2017-ci il tarixlərində Avropada peşə təhsilinin təşviqi və peşəyönümü məqsədi ilə "Öz istedadını kəşf et" devizi altında keçirilən Avropa Peşə Bacarıqları Həftəsi tədbirləri çərçivəsində təşkil olunub.



Təhsil-press.az

Oxşar xəbərlər