Elmin zirvələrinə gərgin əməyi ilə ucalan Aida İmanquliyevanın Azərbaycan elm tarixində xüsusi yeri var

Elmin zirvələrinə gərgin əməyi ilə ucalan Aida İmanquliyevanın  Azərbaycan elm tarixində xüsusi yeri var Zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadınının XX əsrdə yetişdirdiyi Zərifə Əliyeva, İzzət Orucova, Rəfiqə Əliyeva, Aida İmanquliyeva kimi mötəbər xanımlar yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış şəxsiyyətlərdir. Elmin zirvələrinə özünün gərgin əməyi, fitri istedadı ilə ucalan Aida xanımın Azərbaycan elm tarixində xüsusi yeri var. O, bir şərqşünas alim kimi bütün bilik və bacarığını elmimizin inkişafı yolunda yorulmadan sərf edib, nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox uzaqlarda da tanınıb, sevilib və hər zaman millətimizə başucalığı gətirib. Azərbaycan qadınları cəmiyyətimizin bütün sahələri ilə yanaşı, elmin inkişafına da böyük töhfə verirlər. Elm və təhsil sahəsində də qadınlarımız adlarını tarixə yaza biliblər.
Bu fikirləri oktyabrın 9-da Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Məktəbində keçirilən “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda “dəyirmi masa”da BDU-nun rektoru, akademik Abel Məhərrəmov söyləyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BDU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsi yad edib, məzarı önünə tər güllər düzüblər. Sonra tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli alimlər Aida İmanquliyevanın, Rəfiqə Əliyevanın, Püstəxanım Əzizbəyovanın, İzzət Orucovanın, Sara Aşurbəylinin, Zəhra Quliyevanın, Xalidə Hasilovanın xatirələrini anıb, məzarları önünə gül dəstələri qoyublar.
“Dəyirmi masa”da Abel Məhərrəmov bildirib ki, müasir dövrdə Azərbaycan qadınının cəmiyyətimizdə oynadığı rol daha da yüksəlib. Zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya sahəsində, iş dünyasında və digər mühüm sahələrdə də öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam dövlət tərəfindən həyata keçirilən gender siyasətidir.
Tədbirdə Aida İmanquliyeva kimi görkəmli alimin böyük arzularının, elmin və təhsilin inkişafı, azad Azərbaycan ilə bağlı düşüncələrinin indi qızlarının – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, elmi əsərləri ilə filoloji və fəlsəfi fikir tariximizdə yeni cığır açan akademik Nərgiz Paşayevanın genişmiqyaslı, möhtəşəm layihələrində həqiqətə çevrildiyi xüsusi qeyd edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Azərbaycan qadınları yalnız xalqımızın mənəvi, mədəni ənənələrinin qoruyucusu deyillər, onlar həm də bütün sənət və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Bu gün Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz layiqli yer tuturlar. XX əsrdə Azərbaycan xalqı elmə İzzət Orucova, Sara Aşurbəyova, Püstə Əzizbəyova, Səidə İmanzadə kimi qadın alimlər bəxş edib. Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olub. İlk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. Azərbaycanda oftalmologiya sahəsində məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılıb. Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva həm də ekologiyanın aktual problemləri ilə bağlı işləri ilə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Kimya elminin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında böyük rolu olan Elmira Süleymanova ictimai xidmətləri ilə yanaşı, həm də ilk ombudsman kimi də müasir tarixə düşüb. Bu qadınların adı elmə verdikləri töhfələrə görə dünyanın məşhur alim qadınlarının adları ilə yanaşı çəkilir. Həmin sırada tanınmış şərqşünas, professor Aida İmanquliyevanın adı xüsusi qeyd olunmalıdır.
İstedadlı ərəbşünas alim Aida İmanquliyevanın bütün ömrünü elmi yaradıcılığa həsr edərək şərqşünaslığın inkişafına töhfələr verdiyini deyən komitə sədri bildirib ki, onun tədqiqatlarında milli mənəvi dəyərlər sistemi bəşərilik kontekstində təhlil olunur. Bu isə mədəniyyətlərarası və sivilizasiyalararası problemlərin oxşar və fərqli cəhətlərinin araşdırılması üçün vacib məsələlərdəndir. Qeyd olunub ki, alimin araşdırmalarında ayrı-ayrı mədəniyyətlərdə qadına münasibət və qadın hüquqları mövzusu xüsusi yer tutur. Məhz bu baxımdan onun əsərləri Azərbaycan genderşünaslığı üçün qiymətli vəsaitdir. “Aida xanımın elmi yaradıcılığı ilə yaxından tanış olduqda onun Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcud olan fəlsəfi, ictimai-siyasi fikir sistemlərini, ideyaları, onların mahiyyətini çox dərindən bildiyini görürük. Aida xanım, həmçinin müasir Azərbaycan cəmiyyətində və elmində özünəməxsus yer tutan Mehriban xanım və Nərgiz xanım kimi övladlar yetişdirib. Onlar vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq ölkəmizin ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər”, - deyə H.Hüseynova bildirib.
Mövzunun aktuallığını qeyd edən Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan cəmiyyətində, dövlət siyasətində qadın amilinə hər zaman böyük diqqət yetirildiyini söyləyib. O, ölkə həyatının bütün sahələrində, eləcə də parlamentdə təmsil olunan qadınların əldə etdikləri nailiyyətlərdən söhbət açıb. Azərbaycanda qanunların gender aspektinə xüsusi diqqət göstərildiyini deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, cəmiyyətdə əldə olunan nailiyyətlərin bir çoxu qadınların bu prosesdə iştirakının nəticəsidir.
Bahar Muradova ölkəmizdə ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyib. Diqqətə çatdırılıb ki, məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. O bildirib ki, ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul edilən qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb. Milli Məclis sədrinin müavini deyib ki, hər bir vətəndaş özünün cəmiyyətdəki yerini düzgün müəyyənləşdirməlidir. Azərbaycan Konstitusiyası qadınların cəmiyyətdə uğur qazanması üçün bərabər imkanlar yaradır. Qadınların uğur qazanması üçün özünə inamı olmalıdır. Bu psixoloji amil çox zaman qadınların elmə, xüsusilə texnika, mühəndislik sahəsinə gəlməsində müəyyən problemlər yaradır. Bu gün cəmiyyətdə bəzən humanitar sahə dedikdə qadınları, texniki sahə dedikdə isə kişiləri fikirləşirlər.
“Universitetdə oxuduğum illərdə müəllimlərimiz Zərifə Əliyeva, Aida İmanquliyeva, Rəfiqə Əliyeva və Azərbaycan elminə töhfələr vermiş digər qadınlar haqqında danışırdılar. Onda mən düşünürdüm ki, görəsən, mən də nə vaxtsa bu görkəmli insanlar haqqında tribunada danışa biləcəyəmmi? Bu gün mənə bu haqqı verən Azərbaycan dövlətidir”, - deyə B.Muradova bildirib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, akademik Zərifə Əliyevanın və professor Aida İmanquliyevanın həyatı gənclər üçün örnəkdir. Məktəbi bitirən qızlar bu görkəmli insanların həyatını bilsələr, özlərinə inamları artar, onlar da elmə üz tutarlar. “Buraxılış və qəbul imtahanlarında gender problemini izləmişəm. Son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanları zamanı gender bərabərliyində dəyişikliklər müşahidə edilib. Belə ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çox olub”, - deyə M.Abbaszadə bildirib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxışında Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görüldüyünü vurğulayıb. O, Aida İmanquliyevanı böyük alim və təşkilatçı, qayğıkeş ana kimi xarakterizə edərək alimlə bağlı xatirələrini bölüşüb.
BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev professor Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının ən güclü tədqiqatçısı olduğunu vurğulayıb. Bildirilib ki, Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatı ilə bağlı apardığı tədqiqatlarla tanış olmayan alim heç vaxt bu mövzuda dəyərli əsər yaza bilməz. Professor Aida İmanquliyevanın fundamental tədqiqatları ilə Azərbaycan elminə böyük töhfələr verdiyini deyən V.Məmmədəliyev onun BDU-da çalışan əksər alimlərə qayğı göstərdiyini də qeyd edib. Akademik çıxışında ərəb ədəbiyyatının ən görkəmli nümayəndələrinin Aida İmanquliyeva yaradıcılığına yüksək dəyər verdiklərini də diqqətə çatdırıb.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, yazıçı-publisist Sona Vəliyeva qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanlarında sayılıb-seçilən qadınlar təkcə döyüşçü kimi yox, həm də siyasətçi kimi, müdrik məsləhətləri ilə daim ərlərinin, qardaşlarının yanında olublar. Dahi Nizamini, Xaqanini və Azərbaycanın ədəbi-ictimai fikir tarixində yer tutan digər oğulları analar yetişdiriblər. O qadınlar ali məktəb bitirməmişdilər, ancaq həyat məktəbi keçmişdilər. Ötən əsrin əvvəllərində isə Hacı Zeynalabdin Tağıyev qız məktəbi açıb. Həmin məktəbi bitirənlər sonralar Azərbaycan elminə əvəzsiz töhfələr veriblər. Sona Vəliyeva bu gün ölkəmizdə qadınlara yüksək qiymət verildiyini və bunun Azərbaycanın dövlət qadın siyasətinin təzahürü olduğunu vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə deyib ki, akademik Zərifə Əliyevanın və professor Aida İmanquliyevanın qoyub getdikləri zəngin elmi irs, eləcə də onların həyatları gənc qızlar üçün örnəkdir.
BDU-nun şərqşünaslıq fakültəsinin üçüncü kurs tələbəsi, Aida İmanquliyeva adına fərdi təqaüdçü Nigar Bağırlı böyük alimin yolunu davam etdirəcəyinə söz verib.
Yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova-Abbasova “Azərbaycan qadınlarının elmin inkişafına verdiyi töhfələr” mövzusunda təqdimatla çıxış edərək elm sahəsində bir sıra yeniliklərin müəllifi olmuş, öz məktəbini yaratmış, xüsusi və böyük xidmətləri olan qadınlarımız haqqında məlumat verib. O, tarixə ekskurs etməklə yanaşı, müasir dövrdə də bir sıra tanınmış qadın alimlərin, o cümlədən Zümrüd Quluzadə, Məsumə Məlikova, Adilə Namazova, Dilarə Seyidzadə, Məleykə Abbaszadə, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva və başqalarının elmi fəaliyyətindən bəhs edib.

BDU-nun Mətbuat xidməti

Oxşar xəbərlər