Azərbaycan Dillər Universitetində “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə bu ali məktəbin ümumi dilçilik kafedrasının professoru, eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirilib.
Kafedranın müdiri, professor Azad Məmmədov dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu söyləyib. Bu fənnin əhəmiyyətini qeyd edən professor onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını diqqətə çatdırıb.
Kitabın müəllifi F.Veysəlli “Dilçiliyə giriş” dərs vəsaiti haqqında məlumat verib, nəşrin xüsusiyyətləri, müraciət etdiyi mövzular barədə danışıb. O qeyd edib ki, kitabı hazırlayarkən dünya dilçilik irsini Azərbaycana gətirmək, azərbaycanlı tələbələri elmin yeni nailiyyətləri ilə tanış etmək, onlara dilçiliyin əsaslarını çatdırmaq, eyni zamanda, nəzəriyyə ilə təcrübəni əlaqələndirmək məqsədlərini ön plana çıxarıb. F.Veysəllinin sözlərinə görə, iyirmi fəsildən ibarət olan kitabda müasir dilçiliyin problemlərinin həlli araşdırılıb, həmçinin kitaba 100 test tapşırığı əlavə olunub.
Digər çıxış edənlər də “Dilçiliyə giriş” kitabını dilə geniş nəzəri müddəalar gətirən, dilçilik elmini ictimaiyyətə çatdıran, tələbələr və tədqiqatçılar üçün çox böyük təcrübi əhəmiyyətə malik olan, dilə insan nöqteyi-nəzərindən yanaşan təqdirəlayiq bir dərs vəsaiti kimi dəyərləndirib, müəllifə uğurlar arzulayıblar.
Qeyd edək ki, “Dilçiliyə giriş” kitabı dilin və dilçiliyin yaranması, dilin strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, dilçiliyin obyekt və predmetini, onun tədqiqat metodlarını işıqlandırır, dilin daxili strukturunu açıb göstərir, söz və cümlə semantikasını müasir nəzəriyyələr baxımından şərh edir.

ADU-nun Mətbuat xidməti


Azərbaycan Dillər Universitetində “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilibAzərbaycan Dillər Universitetində “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilib


Oxşar xəbərlər