ADU-da “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfrans öz işinə başladı

ADU-da “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfrans öz işinə başladı Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) ADU ilə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Filologiya İnstitutunun birgə təşkil etdiyi “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirildi.
Öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin universitetdəki büstünü ziyarət edərək tər gül dəstələri qoydular.
Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov dünyanın 15-ə yaxın müxtəlif ölkəsindən beynəlxalq konfransa qatılan iştirakçıları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. ADU-nun tarixindən söz açan professor Dillər Universitetinin hazırda ən öndə gedən ali təhsil müəssisələrindən biri olduğunu dilə gətirdi. Universitetdə müxtəlif dillərin tədris olunduğunu bildirən professor Dünyamin Yunusov, eyni zamanda mövcud olan fakültələr haqqında da məlumat verdi. O, universitetdə fəlsəfə və elmlər doktoru hazırlayan Müdafiə Şurasının fəaliyyət göstərdiyini dedi. Professor universitet əməkdaşlarının məqalələrinin nəşr olunduğu İMPAKT faktorlu jurnalların say çoxluğuna görə ADU-nun ön sıralarda qərarlaşdığını bildirdi. Universitetin beynəlxalq əlaqələrindən danışan professor Dünyamin Yunusov ADU-nun 40-dan artıq, o cümlədən Avstriya, Belçika, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Norveç, Rusiya, Böyük Britaniya, Cənubi Koreya, İsrail, İspaniya, Yaponiya, Amerika Birləşmiş Ştatları və digər ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini söylədi.
Plenar iclasda çıxış edəcək professorları iştirakçılara təqdim edən Dünyamin Yunusov konfransın əhəmiyyətini vurğuladı.
Sonra Qazaxıstan Elmlər Akademiyasının professoru Alimxan Cunusbəy və Türkiyənin Hüseyn Qazi Universitetinin professoru Mehman Musaoğlu konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər. Onlar dilçilik sahəsinə öz töhfəsini verə biləcək konfransa ev sahibliyi etdiyinə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər və bütün iştirakçılara konfransın gedişində uğurlar arzuladılar.
Plenar iclasda ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli “Tətbiqi dilçiliyin əsas istiqamətləri”, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi İnstitutunun nəzdindəki V.M.Nadelyayev adına Eksperimental-fonetik tədqiqatlar laboratoriyasının müdiri (Novosibirsk), professor Silantyev İqor Vitaliyeviç “Лингвистические исследования в институте филологии СО РАН и их роль в сохранении и развитии языков народов Сибири”, Macarıstanın Eötvös Loránd Universitetinin professoru, koqnitiv dilçilik sahəsində məşhur tədqiqatçı və alim Zoltan Koveçiç “The role of context in metaphor reconsidered”, Qazaxıstan Elmlər Akademiyasının professoru A.Cunusbəy “Проблемы общетюрской латинской графики” mövzularında məruzə ilə çıxış etdilər.
Konfrans çərçivəsində iştirakçılar Azərbaycan Dillər Universiteti ilə, həmçinin universitetin professor-müəllim heyətinin elmi yaradıcığını əks etdirən sərgi ilə də tanış oldular.
Dünyanın 15-ə yaxın müxtəlif ölkəsindən professor və alimlərin qatıldığı beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirir.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində iki gün davam edəcək “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq elmi konfransda “Müasir dilçiliyin əsas istiqamətləri: dilçilikdə yeni paradiqmlər”, “Koqnitiv dilçilik: müasir vəziyyət və perspektivlər”, “Tətbiqi və tipoloji dilçilik: nəzəri ümumiləşmələr və praktik tövsiyələr”, “Dilin mənimsənilməsi prinsipləri: nəzəri və praktik təkliflər” adlı bölmələr üzrə 216 məruzə dinləniləcək və müzakirələr aparılacaq.
Yekun iclasda isə bölmə rəhbərlərinin hesabatları dinləniləcək və yekun sənəd qəbul olunacaq. Konfransın bağlanış mərasimindən sonra bədii hissə keçiriləcək. Tədbirin proqramına uyğun olaraq xarici qonaqların Azərbaycanı daha yaxından tanıması məqsədi ilə Quba şəhərinə ekskursiyanın təşkil olunacağı da gözlənilir.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfrans öz işinə başladıADU-da “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfrans öz işinə başladıADU-da “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfrans öz işinə başladı

Oxşar xəbərlər