Çətin tərbiyə olunan uşaqlarla necə davranaq? - Valideynlərə məsləhət

Çətin tərbiyə olunan uşaqlarla necə davranaq? - Valideynlərə məsləhət Yəqin ki, küçədə, parkda, metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə rast gəlmisiniz. O görüntü heç birimizə xoş təsir bağışlamır. Dərhal da valideyni qınamağa başlayırıq. Fikirləşirik ki, küçədə, camaatın içində belə edirsə, gör, evdə neyləyir?! Bəs görəsən, bu cür şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? Doğrudanmı, şiddətə məruz qalan uşaqlar sonradan daha yaxşı davranış sərgiləyirlər? Ümumiyyətlə, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır?
Mövzu ilə bağlı Ailem.az-a danışan psixoloq Aydan Talıbova deyir ki, bir çox valideynlər çıxış yolunu uşaqları döyməkdə görürlər. Elə bilir şiddət göstərməklə uşaq onların sözünə qulaq asacaq. Halbuki bu, doğru üsul deyil: “Valideyn deyir, uşağı döyəcəm, ona cəzalar verəcəm, şantaj edəcəm ağıllanacaq. Çox hallarda ana uşağı hədələyir ki, gözlə, atan gələndə deyəcəm döysün səni. Bu cür şantaj edərək, uşağı döyməyə, şiddətə meylləndirir. Şiddət dedikdə təkcə fiziki şiddətdən söhbət getmir. Sözlü şiddətdən, daha çox neqativ söyüşlərdən, təhqiramiz ifadələrdən də istifadə edirlər”.
Psixoloqun sözlərinə görə, ümumiyyətlə, uşaqları döymək düzgün metodika deyil. Bu, uşaqlarda aqressiyaya gətirib çıxarır: “Uşağı hədələyib qorxutmaq da onların psixologiyasına mənfi təsir edir. Məsələn, uşağa deyirlər ki, səni qoyub gedəcəm, yaxud uşaq evinə verəcəm. Ya da qaranlıqda saxlayacam, gecə qoyacam qapıda qalasan. Bu kimi ifadələr uşaqları daha çox qorxutmağa yönləndirilir. Belə uşaqlarda artıq qorxular yaranmağa başlayır. Bu yaxınlarda Amerikada bir hadisə oldu. Ata 3 yaşlı uşağını cəzalandırmaq üçün onu bayırda qapının ağzında qoyur. Bir müddət keçdikdən sonra görür ki, uşaq orada yoxdur. Sonradan uşağın ölüsü tapılır. Üç yaşlı körpə nə bilsin ki, neyləmək lazımdır və yola düşüb gedib. Yəni bu cür cəzalar düzgün deyil. Uşaqları belə cəzalandırmaq olmaz. Bu, əksinə, onlara mənfi təsir göstərir”.
“Valideynlərim də məni döyüb”
A. Talıbova vurğulayır ki, övladına şiddət göstərən valideynlərlə çox rastlaşır. Onlara niyə uşağı döyürsünüz sualını verəndə isə qəribə cavab eşidir: “Deyirlər, mənim valideynlərim də uşaq olanda məni döyüblər. Mən də atamdan, anamdan belə görmüşəm. Görürsünüzmü? Uşağa kiçik vaxtından bu nümunəni göstərəndə o da böyüyəndə eyni cür davranır. Buna görə də həmişə valideynlərə səslənirik ki, əgər uşaqlarınızla bacara, onu düzgün yönləndirə bilmirsinizsə, mütəxəssisə yönləndirin. Bu sahədə öz sözünü demiş psixoloqlar var”.
“Mənim uşağım dəli deyil ki, onu psixoloqa aparım”
A.Talıbova təəssüflə qeyd edir ki, valideynlərin çoxu uşağını psixoloqa aparmaq istəmir. Çünki elə bilirlər ki, psixoloq psixlərin həkimidir: “Onların düşüncəsində belə bir fikir yer alıb - mənim uşağım dəli deyil ki, onu psixoloqa aparım. Psixoloq sözündə psix sözü olduğu üçün düşünürlər ki, biz dəlilərlə çalışırıq. Amma psixoloq insanların ruhi vəziyyətinə, emosional yaşına dəstək olur. Məsələn, özlərini pis aparan, dəcəllik edən, digər uşaqları döyən, yəni davranış pozuntuları olan uşaqlara psixoloji dəstək mütləqdir. Daha çox hiperaktiv davranış pozuqluğu olan uşaqlarda bu hallara rast gəlirik. Bu isə ailədən gələn bir durumdur. Hiperaktivlik genetikaya dayanır, davranış pozuntusu isə sonradan, ətraf mühitin təsirindən yaranan bir pozuntudur. Bir çox hallarda valideynlər özləri uşaqları təhrik edir ki, bu cür davransınlar. Məsələn, uşaq ikən xırda kaprizlərinə göz yumuruq. Uşağın 3 yaşı var, bağçaya getmək istəmir, ağlayır. Ana da deyir ki, yaxşı, getmə. Və şüuraltı olaraq uşaq böyüdükcə daha artıq narahatlıqlar yaratmağa başlayır. Sabah o, gedib kiminsə şüşəsini, qapısını qıracaq, kiminsə uşağını döyəcək və sair. Əgər uşaqların davranışında xırda bir qüsur görürüksə, zamanında onun üzərinə düşməliyik”.
Artıq valideynin uşağa gücü çatmır
Həkim onlara müraciət edənlər arasında böyük yaşlı uşaqların çoxluq təşkil etdiyini bildirir. Çünki zamanında müdaxilə olunmayıb və indi də uşaq böyüyüb, artıq valideynin ona gücü çatmır: “Yanımıza 5-6-7 yaşlı uşaqlar gəlir, adamı dişləyir, əlinə nə keçirsə, adamın başına atır. Bir uşaq nənəsinin saçını yolduqdan sonra ailə bizə müraciət etmişdi. Mən bir mütəxəssis olaraq böyük uşaqlara acıyıram. Çünki cəmiyyətin belə uşaqların üzərində qurulmasını istəmirəm. Belə uşaqlar gələcəkdə avtoritet olurlar, daha çox türməyə düşürlər, polis bölmələrində olurlar. Mən istəmirəm, uşaqlarımızın axırı belə olsun”.
Valideynlərin üzərinə böyük iş düşür
A.Talıbova qeyd edir ki, uşaqlar düzgün yönləndirilməsində əsas və böyük iş məhz valideynlərin üzərinə düşür: “Evdə valideyn 3 yaşına qədər uşağı düzgün yönləndirməlidir. 3 yaşından 5 yaşına qədər bağça yaş dövrü gəlir. Bağçada müəllimlər, təlimçilər düzgün yönləndirməlidir. Ondan sonra məktəbəqədər hazırlıq və məktəb dövrü başlayır. Burada da biz artıq cəmiyyətə yönlənirik, sosiallaşırıq. Valideyn görsə ki, övladı ilə bacarmır, onun daha qlobal bir iş törətməsini gözləmədən mütləq mütəxəssisə müraciət etsinlər”.

Leyla Bayramova



Oxşar xəbərlər