ADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşüb

ADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşüb
Dan Stav “Səfir saatı” klubunda tələbələrə mühazirə oxuyub

Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb. İsraillə əlaqələrdən söz açan rektor universitetdə fəaliyyət göstərən İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətinə də toxunub. O bildirib ki, bu mərkəzin fəaliyyəti ADU ilə İsrail arasında əlaqələrin daha da yaxşılaşdırılmasına xidmət edir.
D.Stava ADU-nun dəvətini qəbul edərək “Səfir saatı” layihəsi çərçivəsində mühazirə oxumağa razılıq verdiyi üçün təşəkkür edən K.Abdulla layihə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, səfirlərin tələbələrlə görüşləri qarşılıqlı maraq doğurur: “Universitetimizdə İsraili öyrənən 40 tələbə təhsil alır. Güman edirəm ki, digər ixtisaslarda oxuyan tələbələr üçün də bu cür görüşlər dərin maraq kəsb edir. Ümid edirəm ki, Şimon Peresin fəxri doktoru olduğu universitetdə İsrail səfiri ilə görüşmək əməkdaşlarımız üçün də bir şansdır”.
K.Abdulla xarici ölkələrdə açılacaq Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında da danışıb. O, bildirib ki, Çin, Rusiya, Rumıniya, Serbiya və İndoneziyada müvafiq mərkəzlərin açılmasına hazırlıq gedir: “Bizim ən böyük arzularımızdan biri də İsrail universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi açmaqdır”. Dünyanın 17 universitetində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu deyən rektor bildirib ki, bu fənnin İsraildə də tədris olunması millətlər və dövlətlərin bir-birinə daha da yaxınlaşmasına xidmət edə bilər. Bu reallaşarsa, İsrail Yaxın Şərqdə bu fənnin tədris olunduğu ilk dövlət olacaq.
Öz növbəsində səfir ADU-ya gəlişindən məmnunluğunu bildirib: “Mən bu universitetin məzunları ilə dəfələrlə görüşmüşəm və universitetin səviyyəsini çox yüksək qiymətləndirirəm”. ADU-dakı İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətinə toxunan səfir mərkəzin fəaliyyətini çox müsbət dəyərləndirib. O, qeyd edib ki, bu mərkəzin fəaliyyəti çox vacibdir və təhsil sahəsindəki əlaqələrin inkişafında mərkəzin böyük rolu var.
Sonda rektor səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edib.
Görüşdən sonra səfir “Səfir saatı” layihəsi çərçivəsində tələbələrə Azərbaycanla İsrail arasındakı diplomatik əlaqələr haqqında mühazirə oxuyub.
Görüşdə səfir D.Stav İsrail və Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətə malik olduğunu deyib. O, Azərbaycanın İsrail üçün nadir tərəfdaş olduğunu sözlərinə əlavə edib. Azərbaycan-İsrail əlaqələrinin tarixindən danışan səfir bildirib ki, yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. İsrail və Azərbaycanın multikultural dəyərlərindən söz açan D.Stav hər iki ölkənin müxtəlif dinin nümayəndələrinə tolerant yanaşdığını sözlərinə əlavə edib. O, fərqli dinlərə malik insanların dinc şəraitdə yaşadığı Azərbaycanın multikulturalizm ənənələri baxımından unikal model olduğunu söyləyib. Səfir bildirib ki, Azərbaycan İsrail üçün etibarlı neft təminatçısıdır və iki ölkə arasında əlaqələr qeyri-neft sektorunda da inkişaf edir.
Azərbaycan və İsrail arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən səfir əlaqələrin ölkələrin müxtəlif regionları arasında da inkişaf etdirildiyini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir D.Stav İsrailin bu məsələnin danışıqlar aparmaqla sülh yolu ilə həllini dəstəklədiyini söyləyib. Səfir sözlərinə əlavə edib ki, Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün çoxlu sayda müxtəlif sahələr mövcuddur və Azərbaycanın bunun üçün geniş imkanları var, ölkələr bu istiqamətdə öz təcrübələrini bölüşə bilərlər. Bu nöqteyi-nəzərdən kənd təsərrüfatı sahəsinin inkişafı üçün Azərbaycanın çox yaxşı şəraiti, məhsuldar torpaqları, su ehtiyatları, müxtəlif iqlim zonaları və işgüzar insanlarının olduğunu deyən səfir D.Stav İsrailin malik olduğu müasir texnologiyalar və torpağın keyfiyyəti barədə mükəmməl biliklərin ölkəmizdə kənd təsərrüfatının çiçəklənməsinə yardım edə biləcəyini vurğulayıb.
Görüş interaktiv formatda davam edib.

ADU-nun Mətbuat Xidməti


ADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla İsrail səfiri ilə görüşüb

Oxşar xəbərlər