Sürüşən Bayıldan reportaj - Video

Sürüşən Bayıldan reportaj - Video Xəbər verdiyimiz kimi, Bayıl yamacında “Teleqüllə”nin cənub hissəsində torpaq sahəsinin sürüşməsinə görə ailələr köçürülüb. Dünən 49 saylı orta məktəbə yerləşdirilən təxminən 50 ailə isə bu gün 163 saylı mətkəbə köçürülüb.
Binanın həyətinə girişdə nəzarətçilik edən orta yaşlı qadın kənar şəxslərin içəri buraxılmadığını bildirib. Yalnız köçürülmə zamanı siyahıya alınan adamların şəxsiyyət vəsiqəsi ilə kimliyi təsdiqləndikdən sonra məktəbə buraxılır. Sakinlərin zəruriyyət olmadığı halda binanı tərk etmələrinə də icazə verilmir. Əməkdaşlarımız orada olarkən qohumlarının yanına gələn şəxslər məktəbə buraxılmayıb. Bir ailə isə öz evlərindən əşyalarını çıxartmaq üçün təkid edərək binadan çıxa biliblər.
Səbail Rayon İcra Hakimiyyətinin məktəbəki nümayəsi özünü təqdim etməkdən imtina etsə də, ailələr üçün hər bir şərait yaradıldığını qeyd edib: “Sakinlər binanın yuxarı mərtəbəsində boş otaqlara yerləşdirilib. Hər cür yemək, içməklə təmin olunublar. Onlar üçün çarpayılar da qoyulub. Amma özünüz də görürsünüz ki, ailələr burada qalmaq istəmirər, öz evlərinə gedirlər. İndiki qərara görə gecəni burada keçirəcəklər. Əgər sürüşmə təhlükəsi davam edərsə, onlar üçün kirayə evlər tutulacaq”.
Məktəbdən çıxıb sürüşmə zonasına yollandıq. Biz ora çatanda AMEA əməkdaşları ərazidə xüsusi avadanlıqlarla yoxlama işləri aparırdı. Akademiyanın nümayəndəsi Elvin Şirinov bildirib ki, sürüşmə nəticəsində yaranan çatların hazırkı dərinliyi, eni və uzunluğu haqda Fövqəladə Hallar Nazirliyi açıqlama verməlidir: “Biz ərazidə hər hansı sürüşmə riskinin, geoloji quruluşda dəyişikliyin olub-olmamasını müəyyən etmək üçün araşdırma aparırıq. Hazırda sürüşmə riskinin aktiv olub-olmamsı barədə bir söz deyə bilmərik”.
Çatlar yamacın yuxarı hissəsindən başlayaraq aşağı doğru davam edib, sərt yamacda isə şaxələnərək bir neçə yerə bölünüb. Həmin yamaclar artıq fəhlələr tərəfindən daşınıb tökülən torpaq hesabına doldurulub. Torpağın sürüşməsi dəniz istiqamətində hərəkət edib. Həmin hissədə isə bundan öncə istinad divarları hörülüb. Lakin sürüşmənin aktivliyi nəticəsində artıq divar 20-ə yaxın yerdən çatlayıb və daş kubiklər bir-birindən aralanıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2017-ci il dekabrın 15-də divardakı çatlar qeydə alınıb və xüsusi məhlulla nişan qoyulub. Təxminən bir ay sonra, 2018-ci il yanvarın 17-də təkrar həmin yerə baxış keçirilib və çatlamanın genişlənməsi nəticəsində nişanın da dağıldığı müşahidə edilib. Yəni, sürüşmə dekabrın əvvəllərindən başlayıb və rəsmi qurumlar bundan xəbərdar olub.
Hazırda ərazidə geoloji araşdırmalar aparılır, nəticəyə uyğun olaraq qərar veriləcək.
Qeyd edək ki, sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. İlkin məlumata görə, sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.



Tehsil-press.az

Oxşar xəbərlər