Tarixçi alim Moskvada elmi seminarda Azərbaycan həqiqətlərini müdafiə edib

Tarixçi alim Moskvada elmi seminarda Azərbaycan həqiqətlərini müdafiə edib Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Vadim Muxanovun “Qafqaz inqilab dövründə. 1917-ci il - 1918-ci ilin birinci yarısı Zaqafqaziya tarixinə dair” kitabı əsasında “1918-ci il Şamxor faciələri. İlkin şərtləri, gedişi və nəticələri” mövzusunda elmi seminar keçirilib.
Seminarda institutun əməkdaşları ilə yanaşı, Moskvanın digər elmi dairələrinin nümayəndələri, həmçinin Rusiya paytaxtında yaşayan azərbaycanlı tarixçi alimlər iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi seminarda V.Muxanovun əsas elmi opponenti kimi çıxış edib. Belə ki, 1917-1920-ci illər Cənubi Qafqazda baş verən hadisələrə dair əsərlərində Azərbaycana və azərbaycanlılara qarşı qərəzli münasibəti ilə tanınan bu moskvalı alim yeni kitabında və seminardakı çıxışında da 1918-ci ilin əvvəllərində baş vermiş və minlərlə insanın ölümünə səbəb olmuş Şamxor hadisələri ilə bağlı məlum tarixi faktları təhrif etməklə və saxtalaşdırmaqla bu faciədə Azərbaycanın və Gürcüstanın siyasi xadimlərini, xüsusilə də yerli əhalini günahlandırıb.
1917-ci ilin sonlarında Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi və Rusiyanın Birinci Dünya müharibəsindən çıxması nəticəsində Qafqaz cəbhəsinin dağılması, on minlərlə silahlı əsgərin əmrə tabe olmaqdan boyun qaçırması bölgədə görünməmiş xaos və özbaşınalıq mühiti yaratmışdı. Bu şəraitdə Qafqaz Cəbhəsi Komandanlığı və yerli hakimiyyət orqanları cəbhədən eşelonlarla evə qayıdan əsgərlərin tərksilah edilməsi, silahların bir qisminin yeni yaranmaqda olan Azərbaycan ordu hissələrinə verilməsi barədə qərar qəbul etmişdi. Lakin əsasən rus və erməni əsgərlərdən ibarət olan eşelonların silahları verməkdən boyun qaçırması Şamxor dəmir yolu stansiyasında qanlı qarşıdurma ilə nəticələnmiş, hər iki tərəfdən mindən artıq insan həlak olmuşdu. Birinci Dünya müharibəsinin gedişində hərbi əməliyyatlardan biri sayılan bu hadisə öz zamanında müxtəlif fikirlər doğursa da, Stepan Şaumyanın erməni maraqlarından doğan, gürcü və müsəlman (Azərbaycan) milli qüvvələrinə ünvanlanan ittihamları sonradan Sovet tarixşünaslığında yer almışdı.
Həmin hadisədən 100 il keçdiyi, Rusiya tarixçilərinin özlərinin də sovet dövrü tarixinə münasibətləri köklü surətdə dəyişdiyi halda moskvalı alimin sırf bolşevik-erməni mövqeyindən yazılmış əsərləri və çıxışı professor Solmaz Rüstəmova-Tohidi tərəfindən faktlar, sənədlər və elmi təhlil əsasında kəskin tənqid edilib. V.Muxanovun çıxışında “faciə” adlandırdığı Şamxor hadisələrinin qurbanlarından danışarkən yalnız rus və erməni əsgərlərdən bəhs etməsini, müharibə başlayandan sonra 4 il müddətində qatarlarla cəbhəyə gedən və qayıdan rus hərbi birləşmələrinin Azərbaycan ərazisində törətdiyi özbaşınalıqlar və cinayətlərindən əzab çəkən minlərlə kəndlinin Şamxor hadisələrində iştirakını və həlak olmasını isə ən təhqiramiz şəkildə xatırlatmasını azərbaycanlı alim istər elmi, istərsə də etik baxımdan qəbuledilməz olduğunu bildirib.
Professor S.Rütəmova-Tohidi çıxışında V.Muxanovun adıçəkilən əsərində erməni generalı Andraniki, erməni əsilli bolşevik Stepan Şaumyanı və digər erməni xadimlərini “rus xalqının dostu”, azərbaycanlıları isə “onları 4 il cəbhələrdə müdafiə etmiş rus əsgərlərinə arxadan güllə atan quldurlar” adlandırması və s. bu kimi ifadələri nümunə gətirərək müəllifin açıq-aşkar erməni maraqlarından çıxış etdiyini vurğulayıb, belə əsərlərin rus və Azərbaycan xalqları arasında milli ədavəti qızışdırmaq kimi qiymətləndirilə biləcəyini seminar iştirakçıların nəzərinə çatdırıb.
Seminarda iştirak edən erməni nümayəndələrinin dəfələrlə azərbaycanlı alimin sözünü kəsmək, ayağa qalxaraq bəyanatlar vermək və digər təxribatlar törətmək cəhdlərinə baxmayaraq, onların tədbiri pozmaq niyyəti baş tutmayıb.
Qeyd edək ki, azərbaycanlı jurnalistlər və tələbələrin həmin tədbirdə iştirakına icazə verilməyib.

Kəmalə Rəhimli

Oxşar xəbərlər