Rusiyalı tarixçi erməni terrorizmi ilə bağlı apardığı araşdırmalardan danışıb

Rusiyalı tarixçi erməni terrorizmi ilə bağlı apardığı araşdırmalardan danışıb Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurumun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Kuznetsovla görüş keçirilib.

Tehsil-press.az xəbər verir ki, fondun icraçı direktoru Oqtay Səmədov qonağı tədbir iştirakçılarına təqdim edib, görüşün mahiyyətindən danışıb. O.Kuznetsovun beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı məsələlərin araşdırılması üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biri olduğunu qeyd edib. Bildirilib ki, 160-dan çox elmi işin, o cümlədən səkkiz monoqrafiyanın, ali məktəb üçün dərs vəsaitinin müəllifi olan O.Kuznetsovun bir çox əsərləri ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə edilib. Professor həm də Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi, coğrafiyası üzrə mütəxəssisdir. Hüquq müdafiəsi sahəsində də geniş fəaliyyət dairəsinə malikdir. Hazırda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyətlə məşğuldur.
Rusiyalı qonaq bu həftə ərzində bir sıra maraqlı görüşlər keçirdiyini, müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabını Azərbaycan auditoriyasına təqdim etdiyini bildirib. O, beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı apardığı araşdırmalar barədə məlumat verib. O, uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq etdiyini deyən tarixçi, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə etdiyini, hadisələrin real təsvirini yaratmağa nail olduğunu bildirib. Qonaq Azərbaycana bu səfəri zamanı İsmayıllı rayonunun İvanovka kəndində və Qəbələnin Nic kəndində yerli əhali ilə görüşdüyünü, İsmayıllı, Oğuz və Qax Bilik Evlərinin qonağı olduğunu söyləyib. Görüşlər zamanı apardığı araşdırmalar, müəllifi olduğu kitab barədə ətraflı məlumat verdiyini deyən O.Kuznetsov yerli sakinlər tərəfindən bu kitabın Azərbaycan dilinə tərcümə edilib məktəblərə dərslik kimi təqdim olunması təklifinin irəli sürüldüyünü qeyd edib.
Sonra O.Kuznetsov iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, tarixçi alim O.Kuznetsovun müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” əsərinin Azərbaycanda bir sıra qurum və təhsil müəssisələrində təqdimatı keçirilib.
Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində müxtəlif ölkələrin tanınmış alim və tədqiqatçılarının Azərbaycana səfərləri təşkil olunur, mühazirə və ustad dərsləri keçirilir, ölkə əhalisinə dünya elminin nailiyyətləri barədə məlumat verilir.

Rusiyalı tarixçi erməni terrorizmi ilə bağlı apardığı araşdırmalardan danışıb
Rusiyalı tarixçi erməni terrorizmi ilə bağlı apardığı araşdırmalardan danışıb

Tehsil-press.az

Oxşar xəbərlər