
Gələn qonaqları salamlayan universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev onları universitetdə görməkdən məmnun olduğunu deyib. F.Əliyev onların Azərbaycanda olduqları müddətdə ölkəmiz və universitet barədə yetərli məlumat əldə edəcəklərini, öz ölkələrinə müsbət təəssüratlar, xoş xatirələrlə qayıdacaqlarına ümidvar olduğunu bildirib. Rusiyalı tələbələrə AzMİU-nun tarixi, keçdiyi inkişaf mərhələsi, tələbə şəhərciyi, fakültə və ixtisasları, müəllim-professor heyəti, əcnəbi tələbə kontingenti, laboratoriyaları barədə məlumat verən şöbə müdiri universitetin nəzdində fəaliyyət göstərən lisey və kollecdən də danışıb. O, çıxışında universitetin bakalavr və magistr pillələrində dünyanın ən qabaqcıl universitetləri ilə ikili diplom layihələrini həyata keçirdiyinə, universitetin beynəlxalq tədbirlərə ev sahibliyi etdiyinə də toxunub. AzMİU-nun Azərbaycan ali təhsil müəssisələri arasında memar və inşaatçı kadrlar yetişdiran yeganə ali təhsil müəssisəsi olduğunu vurğulayıb.
Sonra tələbələr AzMİU-nun Memarlıq fakültəsində olublar. Fakültənin dekanı Zahidə Məmmədova rusiyalı tələbələrə fakültə, ixtisaslar, burda keçirilən dərslər barədə məlumat verib, onları fakültə tələbələrinin memarlıq və dizayn işlərinin sərgiləndiyi stendlərlə tanış edib.
Universitetlə tanışlıqdan sonra tələbələr fakültənin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru Raihə Əmənzadənin
“Orta əsrlərdə Azərbaycanda monumental islam memarlığı” mövzusunda mühazirəsini dinləyiblər.
AzMİU-nun Mətbuat Xidməti



