Azərbaycan Memarlıq və İnşaat Universitetində şair Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində şair Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirilib.
Universitetin müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə “Ulu Şirvan” qəzetinin təsisçisi və baş redaktoru, “Seyid Əzim Şirvanı” musiqili ədəbi-bədii poeziya məclisinin sədri, “Qızıl Qələm” media mükafatı laureatı, Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri Mətanət Ulu Şirvanlının yaradıcılığından söz açılıb.
Tələbələr vətən, torpaq, el-oba, doğma yurda məhəbbət mövzusunda şeirlər söyləyiblər.
Yaradıcılıq gecəsində AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru Zakir Musayev şairin yaradıcılığı barədə danışıb, görüşün Novruz bayramı ərəfəsində keçirildiyini bildirib. Vurgulanıb ki, Mətanət Ulu Şirvanlının şeirləri də bahar nəfəsli, yaz ətirlidir.
Z.Musayev şairə yeni yaradıcılıq uğurları arzulayıb, maraqlı görüş üçün tələbə gənclər adından ona təşəkkür edib. Gənclərin mənəvi dünyasının genişləndirilməsində və vətənpərvərlik ruhunun yüksəldilməsində belə görüşlərin əhəmiyyəti qeyd edilib.
Tədbirdə çıxış edən Mətanət Ulu Şirvanlı AzMİU-nun rektoru, professor Gülşöhrə Məmmədovaya, müəllim və tələbələrə dərin təşəkkürünü bildirib.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər