AzMİU-da “Yay məktəbi” də təşkil ediləcək

AzMİU-da “Yay məktəbi” də təşkil ediləcək İsa Muradov: “Gələcəkdə əcnəbi tələbələrə Azərbaycan tikinti şirkətlərində təcrübə keçmək imkanı yaradılacaq”

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (AzMİU) əcnəbi tələbələrin Azərbaycan tikinti şirkətlərində təcrübə keçmək imkanlarını reallaşdıra bilər. Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-da beynəlxalq şöbənin əməkdaşı İsa Muradov məlumat verib. Onun sözlərinə görə, hazırda universitetdə əcnəbi tələbələrin “Qış məktəbi” davam edir. Layihə çərçivəsində Voronej Dövlət Texniki Universitetindən və Kuban Dövlət Universitetindən 26 nəfərlik heyət Bakıdadır: “Ötən il sadəcə Tambov və Voronej Texniki universitetlərindən olan tələbələr iştirak edirdi. Bu il layihəyə Kuban Dövlət Universiteti də qoşulub. Yaxın günlərdə Tambovdan da heyət qatılacaq”.
İ.Muradov “Qış məktəbi” proqramı barədə danışarkən burada həm nəzəri, həm də əyləncəli saatlar olduğunu deyib. Onun sözlərinə görə, hər gün dərsdə qoyulan mövzu üzrə mühazirələr keçirilir, sonra mövzuya uyğun olaraq şəhərimizdəki memarlıq nümunələri ilə tanışlıq olur. Tanışlıq prosesində memarlıq nümunələrimizin tarixindən tutmuş tikilməsinə, memarına qədər hər detal barədə ətraflı məlumatlar verilir: “İxtisas dərslərində rusiyalı tələbələrə Memarlıq fakültəsinin müəllimləri əsasən “Azərbaycanın müasir memarlığı” mövzusunda silsilə mühazirələr oxudu. Dərsdən sonra, günün ikinci yarısında tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanışlığı təmin olundu. Həmin abidələr üzərində günün mövzusuna uyğun müzakirələr təşkil edildi. Düşünürük ki, layihə “Qış məktəbi”nin tələbələrinə İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, müasir tikililər - Heydər Əliyev mərkəzi, “Üç alov” qülləsi, “Yarat” İncəsənət mərkəzi, Bayraq meydanı nümunəsində qədim və müasir memarlıq xüsusiyyətlərini daha yaxşı mənimsətmək imkanı verdi. Tələbələrin asudə vaxtının səmərəli təşkil olunması üçün onların Bakının tarixi yerləri – İçərişəhər, Yanardağ, Qobustan, Atəşgah və Qala qoruğuna gəzintiləri də təşkil olundu. Rusiyalı tələbələr Qəbələ-Mingəçevir-Şəki turuyla Tufandağ qış-yay turizm kompleksində istirahət etdi, Şəki Xan sarayını, Karvansarayı, Kiş məbədini ziyarət etdilər. Tələbələri qədim məbədlərin bərpadan sonrakı vəziyyəti ilə də tanış etdik”.
Tambovdan gələn qrupa da eyni proqramın tətbiq ediləcəyini vurğulayan şöbə əməkdaşı layihənin müsbət rezonans yaratdığını qeyd edib: “Ölkə memarlığı sürətlə inkişaf edir. Azərbaycan memarlığını fərqləndirən əsas cəhət nümunələrdə köhnə və müasir memarlıq xüsusiyyətlərinin birləşməsidir. Bu xüsusiyyət iştirakçıların diqqətini cəlb edir, onları valeh edir. Layihənin, Bakının və universitetimizin böyük marağa səbəb olduğunu görməmək mümkün deyil”.
İ.Muradov bildirib ki, hazırda bir çox layihələr üzərində iş gedir. Reallaşdıra biləcəkləri yeniliklər üzərində müzakirələr aparılır: “Bu layihə Rusiya ilə başlayıb. Layihəni daha da genişləndirməyi düşünürük. Hələ 2016-cı ilin sentyabr ayında İsveçrənin Lozanna Universitetindən 39 nəfər heyəti qəbul etmişdik. Belə demək mümkünsə, daha inkişaf etmiş ölkələrin ali təhsil müəssisələrindən olan və daha böyük qruplarla işləmək təcrübəmiz var. Bu tədris ilinin sonunda və ya gələn tədris ilində Rusiya, İngiltərə və bir neçə Avropa universitetindən böyük bir qrup üçün belə bir proqram tərtib etməyi planlaşdırırıq. Bu dəfə layihəmizi yayda reallaşdırmaq niyyətindəyik. Qışda hava şəraiti bəzən nəzərdə tutulan proqramı tətbiq etməkdə narahatlıq yaradır. Yayda isə belə problemlər olmur. Həmin proqramın sıx əməkdaşlıq etdiyimiz universitetlərin iştirakı ilə ingilis dilində təşkilini nəzərdə tutmuşuq. Gələcəkdə təcrübə keçmək şansı yaratmaq imkanları da nəzərdən keçirilir. Üstəlik, layihə çərçivəsində universitetimizə gələn tələbələrin nəinki sadəcə dərs, həm də təcrübə keçə bilmək imkanlarını araşdırırıq. Hazırda bunun üçün müəyyən addımlar atılır. AzMİU-nun yerli və beynəlxalq tikinti şirkətləri ilə əməkdaşlığı çox güclüdür. Onların dəstəyi ilə böyük bir layihə həyata keçirməyi planlaşdırırıq”.

Ruhiyyə Daşsalahlı

Oxşar xəbərlər