Bakı Ali Neft Məktəbi ilə “ATL Tech” şirkəti arasında razılaşma imzalanıb

Bakı Ali Neft Məktəbi ilə “ATL Tech” şirkəti arasında razılaşma imzalanıb Bakı Ali Neft Məktəbi (BANM) ilə informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən “ATL Tech” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Tədbirdə rektor Elmar Qasımov İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təklif edən “ATL Tech” şirkəti ilə BANM-ın münasibətlərinin inkişafından məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali məktəbin tələbələrindən ikisinin artıq bu şirkətin əməkdaşı olduğunu deyib, gəncləri şirkətin BANM-ın tələbələri üçün yaratdığı xüsusi təcrübə proqramlarından faydalanmağına və bu sahədə biliklərini artırmağa çağırıb.
Daha sonra “ATL Tech” şirkətinin texniki direktoru Vurğun Hacıyev şirkətin fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, “ATL Tech” şirkəti ən qabaqcıl texnologiyaları tətbiq etməklə şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal səmərəlilik əldə etməyə kömək göstərir. Şirkətin İT təhlükəsizliyi, məlumat mərkəzləri üzrə həllər, texnoloji konsaltinq, proqram təminatının hazırlanması, mobil tətbiqlərin hazırlanması kimi xidmətlər göstərdiyini bildirən V.Hacıyev, hazırda “ATL Tech” şirkəti tərəfindən BANM-ın tələbələri üçün təcrübə proqramlarının olduğunu qeyd edib. Təcrübə proqramı haqqında ətraflı məlumatı tələbələrin diqqətinə çatdıran texniki direktor gələcək mühəndislərə “ATL Tech” şirkətinin komandası tərəfindən hər cür dəstəyin göstəriləcəyini söyləyib . Təcrübə proqramını bitirən tələbələr daha sonra istəklərinə uyğun olaraq şirkətin əməkdaşı kimi çalışa bilərlər.
Təqdimatdan sonra “ATL Tech” şirkətinin icraçı direktoru Rəşad Mirzəyev və BANM-ın rektoru E.Qasımov iki müəssisə arasında əməkdaşlıq haqqında razılaşma imzalayıblar. Razılaşmada tərəflər arasında görüləcək işlər və öhdəliklər əksini tapıb.
Sonra “ATL Tech” şirkətinin əməkdaşı, BANM-ın proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının dördüncü kurs tələbəsi Əmiraslan Baxşılı şirkətdə qazandığı təcrübə, gördüyü işlər haqqında təəssüratlarını bölüşüb.
Sonda “ATL Tech” şirkətinin nümayəndələri təcrübə proqramları və görülən işlərlə bağlı sualları cavablandırıblar.

Kəmalə Rəhimli


Oxşar xəbərlər