İraq məhkəməsi İŞİD-ə qoşulan iki azərbaycanlı qadına ömürlük cəza verdi

İraq məhkəməsi İŞİD-ə qoşulan iki azərbaycanlı qadına ömürlük cəza verdi İraqda İŞİD üzvü olan 14 əcnəbi qadının məhkəməsi keçirilib. Müttəhimlər arasında Azərbaycan vətəndaşları da var. Tehsil-press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraq Ali Məhkəməsinin sözçüsü Abdulstar Bayraqdar mətbuata verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, məhkəmədə şahid ifadələri də dinlənib:"Məhkəmədə 5 azərbaycanlı və 3 dağıstanlını İSİD üzvü olmaları səbəbiylə mühakimə olundular. Məhkəmə 3 Rusiya vətəndaşı, 2 Azərbaycan vətəndaşı və bir Fransa vətəndaşı ömürlük həbs cəzasına məhkum etdi”.
Bayraqdar həmçinin qeyd edib ki, mühakimə olunan qadınların İraq təhlükəsizlik orqanlarına qarşı fəaliyyət göstərdikləri sübuta yetirilib. Cəza İraq Konstitusiyasının “Terrorla Mübarizə” Qanununun 4-cü maddəsinə uyğun olaraq verilib.
Mənbənin yazdığına görə, İraq Məhkəməsi aprel ayının 2-də Türkiyə vətəndaşı olan 6 qadının İŞİD-ə üzv olduğuna görə edam cəzasına məhkum etmişdi. Məhkəmə həmçinin, yanvarın 21-də İŞİD-ə maddi yardım göstərməkdə ittiham olunan Mərakeş əsilli alman vətəndaşı bir qadına da edam cəzası verib.
Xatırladaq ki, ötən il İraqda İŞİD-ə qarşı keçirilən əməliyyatlarda cihadçı döyüşçülərin ailə üzvləri olduğu bildirilən azı 560 qadın və 600 uşaq İraq Təhlükəsizlik Qüvvələrinin əlinə keçmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər