Almaniyada Ulu öndərə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Almaniyada Ulu öndərə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda, Minsk Dövlət Linqvistika Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda, Belqrad Universitetində “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda, bölmə iclasları keçirilib.
Mayın 3-də Almaniyada Azərbaycan Dillər Universitetinin, Auqsburq Universitetinin və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə konfransın “Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda bölmə iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Auqsburq Universitetinin professoru Klaus Volf Azərbaycan və Almaniya multikulturalizminin oxşar və fərqli xüsusiyyətlərindən bəhs edib.
Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski Azərbaycanlıların tarixən multikultural bir xalq olduğunu qeyd edib. Bildirib ki, hazırda multikulturalizm Azərbaycanda dövlət siyasətidir və ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev qeyd edib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Professor bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur, bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır. Əfqan Abdullayev qeyd edib ki, Azərbaycanda tarixən multikultural həyat hökm sürür və Azərbaycanda multikulturalizm siyasətinin banisi ulu öndər Heydər Əliyevdir: “Azərbaycan multikulturalizmin daha dərindən öyrənilməsi istiqamətində böyük işlər aparır, bu işlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransdır”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mainz Universitetinin professoru Hendrix Busoten, Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Sarovski, Rus Provaslav kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev (Mifodi), Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Protestant İcmasının rəhbəri xanım Vera Nesterova və Azərbaycan Dillər Universitetinin professoru Aynur Sabitova məruzələrlə çıxış ediblər.

ADU-nun Mətbuat Xidməti


Almaniyada Ulu öndərə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Oxşar xəbərlər