ABŞ-ın Sietl şəhərinin meri 28 may tarixini Azərbaycan Günü elan edib

ABŞ-ın Sietl şəhərinin meri 28 may tarixini Azərbaycan Günü elan edib ABŞ-ın Vaşinqton ştatının ən böyük mərkəzi olan Sietl şəhərinin meri Cenni Durkan Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyanat verib.
Bəyanatda Azərbaycanın öz müstəqilliyini 1918-ci il 28 may tarixdə elan etdiyi və 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu bildirilir.
Eyni zamanda, ADR-in Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.
Bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyi dövründə irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq ABŞ-dan daha öncə qadınlara seçki hüququnun verilməsini təmin edib.
C. Durkan qeyd edir ki, Sietl şəhərində və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd edir.
Sietl şəhəri Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda apardığı mübarizəni xatırlamağa çağırır və ən xoş arzularını bildirir.
Sietl şəhəri, burada yaşayan Azərbaycan icmasını dəyərləndirdiyini və Azərbaycanın irsi və tarixinin qeyd olunmasını dəstəklədiyini vurğulayır.
Bəyanat Sietl şəhərinin meri tərəfindən Sietlda yaşayan Azərbaycan icması və Vaşinqton Universitetinin Azərbaycanlı tələbələrinin dəstəyi nəticəsində təqdim olunmuşdur.

Tehsil-press.az

Oxşar xəbərlər