Peşə təhsili alan şagirdlər güzəştli mənzillərin inşasının aparıldığı ərazidə istehsalat təcrübəsi keçiblər

Peşə təhsili alan şagirdlər güzəştli mənzillərin inşasının aparıldığı ərazidə istehsalat təcrübəsi keçiblər Mənzil İnşaatı Dövlət Agentliyi və Təhsil Nazirliyi ölkədə inşaat sektorunda çalışacaq gənc kadrların bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq edir.
Ölkədə peşə-ixtisas və ali təhsil müəssisələrinin inşaat, tikinti və memarlıq ixtisasları üzrə təhsil alan şagird və tələbələrin Agentlikdə və onun tikinti ərazilərində istehsalat təcrübəsi keçməsinin təşkil edilməsi və bu sahədə uzunmüddətli əməkdaşlığın yaradılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Təcrübəkeçmənin əsas məqsədi peşə təhsilinə yiyələnən gənclərin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaq, yüksək ixtisaslı kadrların hazırlanmasına və əmək bazarında səriştəli işçi qüvvəsinə olan tələbatın ödənilməsinə töhfə verməkdir.
Bununla əlaqədar olaraq Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 8 nömrəli Bakı Peşə Liseyində təhsil alan şagirdlərin 2016-2017-ci və 2017-2018-ci tədris illərində güzəştli mənzillərin tikintisinin aparıldığı ərazidə istehsalat təcrübəsi keçməsi layihəsi uğurla başa çatdırılıb.
Qeyd edilən dövrdə Liseyin “Əl elektrik qaynaqçısı” ixtisası üzrə təhsil alan 30-a yaxın şagirdi Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin inşa olunduğu ərazidə 1 ay müddətində istehsalat təcrübəsi keçib.
8 nömrəli Bakı Peşə Liseyi ilə bu layihənin uğurla reallaşdırıldığını nəzərə alaraq, bu ildən daha bir təhsil müəssisəsinin şagirdləri üçün təcrübəkeçmə proqramı təşkil edilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci ilə qurulan əməkdaşlıq nəticəsində 2017-2018-ci tədris ilində bu təhsil müəssisəsinin “Dizayn” və “Bina və qurğuların tikintisi və istismarı“ ixtisasları üzrə təhsil alan 28 şagirdinin təcrübəkeçməsinə şərait yaradılıb.
Şagirdlərin təcrübəkeçmə işinə Agentliyin şəhərsalma, memarlıq və tikinti sahəsi üzrə yüksək ixtisaslı mütəxəssisləri rəhbərlik edib. Bu müddət ərzində gənclər iş prosesi ilə tanış olub, ixtisasları üzrə praktiki biliklərə yiyələnib, öz peşə bacarıqlarını inkişaf etdirmək və onları real iş şəraitində tətbiq etmək imkanına sahib olublar. Bununla yanaşı, təcrübə rəhbərləri tərəfindən şagirdlərə ixtisasları ilə bağlı praktiki tapşırıqlar verilmiş və onların icrasına nəzarət edilib.
Gələcəkdə Agentlik tərəfindən reallaşdırılan layihələrinin sayı artdıqca ali təhsil müəssisələrinin tələbələri üçün də təcrübəkeçmə imkanlarının yaradılması planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər