MÜASİR AZƏRBAYCAN DİLİ BU GÜN

MÜASİR AZƏRBAYCAN DİLİ BU GÜN Ümumxalq dili kimi özünün ilk formalaşma dövründən başlayaraq həm danışıq dili, həm də ədəbi dil qolları üzrə azərbaycanlılara xidmət etmiş olan Azərbaycan dili XIX əsrdən tamamilə milli dilə çevrilmiş və Azərbaycan milli mədəniyyətinin forması halında xeyli təkmilləşmişdir. Azərbaycan ədəbi dilinin hər iki növü şifahi və yazılı növü təqribən XI-XII əsrlərdən mövcuddur.
Dil, onu yaradan və yaşadanlara xidmət edən ünsiyyət vasitəsi olduğu üçün, onun qayda-qanunları da həmin dildə danışanların inkişafı ilə əlaqədar surətdə dəyişir və təkmilləşir.
Əlbəttə, şifahi ədəbi dil nisbətən daha əvvəllər formalaşmışdır, lakin yazılı ədəbi dil yaradılandan sonra da şifahi ədəbi dil ilə yanaşı işlənir və ümumi qanunauyğun yolla inkişaf edir.
Ədəbi dil normalarının müəyyənləşdirilməsində istifadə olunan meyarın əsasları, şərtləri aydınlaşmış olur ki, bunlar əsasən aşağıdakılardır: dürüstlük, düzgünlük, dəqiqlik, asanlıq, sadəlik, vahidlik, eynilik, sabitlik, ahəngdarlıq, səlislik və davamlılıq.
Məhz buna görə də belə xüsusiyyətləri ilə şərtlənən normalar əsasında qurulmuş ədəbi dil pozulmaz sayılır və onun pozulmasına da yol verilmir.
Müasir Azərbaycan ədəbi dilinin belə normalar əsasında sabitləşərək milli mədəniyyətimizin forması halında qabaqcıl dünya dilləri ilə ayaqlaşması müasir dövrlə üzvi surətdə bağlıdır.
Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi əhəmiyyət daşıyan məsələləri, müasir tədqiqat metodlarının köməyilə az və ya çox dərəcədə işlənib hazırlanıb.
Bu materiallara əsasən dilçilik sahəsində tədqiqatlar zamanın tələblərinə uyğunlaşdırılmalı, dünya elmi texnikası və texnologiyalarında aparıcı istiqamətlərdə müəyyənləşməli, fundamental və tətbiqi tədqiqatlar mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərin həllinə yönəlməli, elmlərarası əlaqələr inkişaf etdirilməlidir.
Bu gün dilçiliyimizin inkişafını təmin etmək üçün güclü maddi-texniki bazanın yaradılması ilə yanaşı dünya dilçilik irsinin Respublikamıza gətirilməsi üçün xeyli iş görmək lazım gəlir.
Beləliklə, aydın olur ki, müasir Azərbaycan dilinin tarixi, kökləri vardır. Buna görə də müasir Azərbaycan ədəbi dilindən düzgün istifadə etmək üçün onun qayda-qanunlarının əsaslarını dəqiq bilmək və onun normalarının pozulması səbəbləri haqqında ümumi təsəvvürə malik olmaq hər bir azərbaycanlının müqəddəs borcdur. Müasir azərbaycan ədəbi dili dedikdə əsasən müasir dövrdə yüksək səviyyəli, hərtərəfli inkişaf etmiş və bütün sahələr üzrə hər cür anlayışı ifadə etmək imkanları olan Azərbaycan ədəbi dili nəzərdə tutulur.

Hüseynova Aygün
Sumqayıt şəhər, M.Müşfiq adına 34 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi


Oxşar xəbərlər