SDU-da rusiyalı alim, tarixçi Oleq Kuznetsovla görüş keçirildi

SDU-da rusiyalı alim, tarixçi Oleq Kuznetsovla görüş keçirildi Oktyabrın 15-də Sumqayıt Dövlət Univeristetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, rusiyalı politoloq və hüquqşünas alim Oleq Kuznetsov “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı”mövzusunda mühazirə oxudu.
Bilik Fondunun və Sumqayıt İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə universitetin professor-müəllim, tələbə heyəti, Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov və Bilik Fondunun əməkdaşları iştirak etdilər.
Tədbirdə univeristetin Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov çıxış edərək qonaqları salamladılar, Azərbaycan-Rusiya dostluğunun tarixindən və bu günkü elmi, iqtisadi, siyasi, mədəni əməkdaşlığından danışdılar, erməni terrorizminin xalqımıza qarşı törətdiyi cinayətlər barədə həqiqətlərin dünyaya çatdırılmasının vacibliyindən bəhs etdilər. Və erməni terroru haqqında həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığına, xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə Oleq Kuznetsova dərin təşəkkürlərini bildirdilər. Rusiyalı alimin azərbaycanlıların haqq səsinə səs verməsinin xalqların dostluğunun nümunəsi olduğunu vurğuladılar.
Rusiyalı alim-tarixçi Oleq Kuznetsov yenidən Sumqayıt Dövlət Universitetində olmağından məmnunluğunu ifadə etdi, qeyd etdi ki, bele görüşlərin mütəmadi keçirilməsində məqsəd gənclərdə erməni vandalizminin işğalçılıq siyasətinin mahiyyətini açmaqdır. Görüşdə tarixçi alim erməni terrorizminin yaratdığı bəşəri faciələrdən, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan geniş söhbət açaraq, apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirdi. Oleq Kuznetsov onu da qeyd etdi ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin üzərindən məxfilik qrifi götürülmüş arxiv materialları sovet dövlət təhlükəsizliyi orqanlarında Ermənistanda nasizm ideologiyasının mövcudluğunu təsdiq edən sənədlərin olduğunu üzə çıxarıb: “Erməni millətçiliyi və onun daşıyıcısı “Daşnaksütun” partiyası 1930-cu illərin ortalarınadək SSRİ dövlət təhlükəsizliyi orqanları tərəfindən ideoloji düşmən kimi qəbul edilib. Hələ o zaman daşnaklar nəzarət altında saxlanılırdı, daha fəal üzvlər isə hətta sürgün edilirdi”. Tarixçi vurğuladı ki, Rusiya Dövlət Arxivinin SSRİ Daxili İşlər Xalq Komissarlığı fondunda Almaniya ordusunun əsir əsgərlərinin erməni millətçilərinin Üçüncü reyxə xidmət üçün cəlb olunması ilə bağlı dindirilməsi materialları yer alıb: “Onlardan biri nasist Almaniyasının baş təhlükəsizlik idarəsinin agenti, əslən Şamaxıdan olan və müharibəyə qədər Avstriyada yaşamış Peter Kamsarakyan olub. Sovet xüsusi xidmətləri üçün Kamsarakyan informasiya mənbəyi kimi vacib əhəmiyyət daşıyırdı, ona görə də onun işinə SSRİ daxili işlər naziri, general-polkovnik Kruqlov bilavasitə nəzarət edirdi. 1948-ci ilin noyabrında “tam məxfi” qrifi altında onun imzası ilə cəmi altı nüsxədə Stalin, Molotov, Beriya, Malenkov və digər rəsmilərin adına arayış tərtib olunmuşdu”.
Çıxışının sonunda siyasi analitik Oleq Kuznetsov real faktlara əsaslanaraq işğalçı erməni faşizminin insanlığa qarşı törətdiyi vəhşiliyi ifşa etmək məqsədilə keçirilən görüşün baş tutması üçün universitet rəhbərliyinə xüsusi təşəkkürünü bildirdi. Mühazirədən sonra diskusiya şəkilində müzakirələr aparıldı.

SDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər