Bir ildə üç məktub…

Bir ildə üç məktub… Son illərdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı bu baxımdan diqqəti daha çox cəlb edir. Müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlərin yaxşılaşdırılması daim mühüm yer tutub. Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə hər iki dövlətin milli maraqlarına cavab verməkdədir.
Bunu rəsmi “Azərbaycan” qəzeti yazıb. Qəzet bildirib ki, dünyanın superdövləti olaraq ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması işində ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb.
Təkcə bu ilin aprel-may aylarında ABŞ Prezidenti Donald Trampın dövlət başçısı İlham Əliyevə 3 məktub göndərməsi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqləyir.
Yazıda bildirilir ki, prezident İlham Əliyev bu il iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iki ölkə arasında olan münasibətləri dəyərləndirərkən bu məsələyə toxunaraq demişdi ki, ABŞ ilə Azərbaycanın əlaqələri yeni mərhələyə yüksəlib: "Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və "Cənub qaz dəhlizi”nin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.
Qəzetin xəbərinə görə, oktyabrın 24-də ölkəmizdə səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlər də bir daha təsdiq edir ki, ABŞ-Azərbaycan münasibətləri strateji əhəmiyyət kəsb edir.
“ABŞ-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasını təsdiqləyən faktlara nəzər yetirsək görərik ki, bu ölkənin bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində Azərbaycanda enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərir.
Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.
Görünən odur ki, ABŞ hökuməti Azərbaycanla enerji sahəsində, eləcə də başqa istiqamətlərdə, o cümlədən beynəlxalq terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir”.

Tehsil-press.az


Oxşar xəbərlər