AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) professor Buniyat Sərdarovun xatirəsinə həsr olunmuş “İnşaat materiallarının istehsal sahələrinin aktual problemləri və həlli yolları” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda dünyanın müxtəlif ölkələrinin universitetlərindən (Türkiyə, Rusiya, Qazaxıstan), o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AzMİU-nun Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Prorektor universitetdə böyük xidmətlər göstərmiş görkəmli ziyalıların əziz xatirəsinin hər zaman yüksək tutulduğunu, bu günün də ali təhsil ocağının tarixində əlamətdar günlərdən biri olduğunu bildirib. O, çıxışında görkəmli alim, professor, B.Sərdarovun ömür yoluna nəzər salıb, onun elmi fəliyyətindən, universitet üçün gördüyü işlərdən danışıb.
Prorektorun geniş və əhatəli çıxışından sonra konfransla bağlı təbriklər səslənib. BASF Caspian MMC-nin baş direktoru Tolqa Baysinop, A.A.Qvozdev adına Dəmir-beton Elmi-Tədqiqat İnstitutunun direktoru V.Terin və başqaları konfrans iştirakçılarını təbrik edib, xoş sözlərini bildiriblər.
AzMİU-nun Materialşünaslıq kafedrasının professoru, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Keyfiyyətin idarəedilməsi departamentinin direktoru Abbas Quvalov konfransın mövzusu barədə məlumat verib, onun əhəmiyyətinə toxunub, mövzunun aktuallığını şərh edib. Konfrans plenar iclasda öz işini davam etdirib, universitetin İnşaat Texnologiya fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru, professor Tahirə Haqverdiyevanın “Professor B.Sərdarovun inşaat elminin və təhsilinin inkişafında rolu” mövzusunda məruzəsi dinlənilib. İstanbul Texnik Universitetinin professoru Mehmet Ali Taşdemirin “Lifli ve lifsiz beton qarışımlarının performansa dayalı tasarımı” və Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutundan texnika üzrə elmlər doktoru C.Camalovun “İnşaat materialları müəssisələrinin fəaliyyəti zamanı yaranan problemlər və onların həlli yolları” adlı məruzələri maraqla qarşılanıb.
Plenar iclasda çıxışlar dinlənildikdən sonra konfrans öz işini bölmələrdə davam etdirib. Qeyd edək ki, “İnşaat materiallarının istehsal sahələrinin aktual problemləri və həlli yolları” adlı beynəlxalq elmi konfransı oktyabrın 27-də başa çatacaq.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb
AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb
AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

Oxşar xəbərlər