
Konfransı giriş nitqiylə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb. Rektor Davud Axundovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, görkəmli alimin həyat yoluna nəzər salıb. O qeyd edib ki, Davud Axundov 1918-ci ilin elə bu günündə Bakı şəhərində Azərbaycanın ilk diplomlu elektrik-mühəndisi olmuş, Belçika Lyej Kral Universitetini bitirmiş ziyalı Ağa Axundovun ailəsində anadan olmuşdur. Davud Ağa oğlu orta məktəbi bitirdikdən sonra 1937-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsinə daxil olmuş, 1942-ci ildən etibarən layihəçi-memar kimi yaradıçılıq fəaliyyətinə başlamışdır.
Görkəmli alimin elmi və pedaqoji fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edən G.Məmmədova bildirib ki, D.Axundova 1982-ci ildə “Azərbaycan SSR-in əməkdar ali məktəb işçisi” fəxri adı verilib, “Azərbaycanın qədim və erkən orta əslər dövrü memarlığ” adlı akademik monoqrafiyası 1990-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. D.Axundov 1992-ci ildə Beynəlxalq Şərq ölkələri memarlıq akademiyasının həqiqi üzvü seçilib, 2000-ci ildə “Şərəf” ordeni ilə təltif edilib, 2002-ci ildə respublika prezidentinin fərmanı ilə prezident təqaüdünə layiq görülüb.
Rektorun geniş və əhatəli çıxışından sonra söz digər çıxışçılara verilib. Azərbaycan Memarlar İttifaqının idarə Heyətinin sədri, professor Elbay Qasımzadə, Mədəniyyət və Turizm nazirinin müavini, professor Sevda Məmmədəliyeva, AMEA Memarlıq və İncəsənət İnstitunun direktoru, professor
Ərtegin Salamzadə, Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin professoru Muhammed Əhmədov çıxış edib, Davud Axundov haqqında xatirələr söyləyiblər, xoş sözlər səsləndiriblər. Çıxışlardan sonra alimin ailə üzvləri adından oğlu Cəmil Axundov çıxış edərək atasının xatirəsini ehtiramla anan Universitet rəhbərliyinə, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
Konfrans öz işini bölmə iclasında davam etdirib.
AzMİU-nun Mətbuat Xidməti
