Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir Azərbaycan Texniki Universitetində (AzTU) müasir, inkişaf etmiş elm və təhsil prosesinə inteqrasiyasının sürətləndirilməsi üçün önəmli addımlar atılır.
Görülən tədbirlər azərbaycanlı gənclərə Avropada təhsil almağa və uğurlu karyera qurmağa geniş imkan yaradıb. AzTU dünyanın bir sıra universitetləri, o cümlədən ABŞ, Almaniya, Fransa, İspaniya, Koreya, Hollandiya, İsveç, Avstraliya, Türkiyə, Rumıniya, Rusiya, Ukrayna, Belarus, Latviya, Litva, Qazaxıstan və digər ölkələrin universitetləri ilə 100-dən artıq əməkdaşlıq müqaviləsi imzalayıb. Son illər universitetlər arasında imzalanan ikili diplom müqavilələri çərçivəsində bəzi ixtisaslara dair dünyanın qabaqcıl universitetlərinin diplomlarına yiyələnmə imkanı yaranıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, təhsil sistemimizin Avropa standartlarına uyğunlaşdırılması və daim inkişaf etdirilməsi AzTU-nun beynəlxalq əlaqələrinin keyfiyyətcə dəyişməsində mühüm rol oynayıb.
Universitet Avropada elm və təhsili maliyyələşdirən komissiya və müxtəlif fondlarla yaratdığı sıx əməkdaşlıq çərçivəsində Avropa Şurasının təsis etdiyi beynəlxalq təhsil proqramları üzrə keçirilən müsabiqələrdə elm və təhsillə bağlı müxtəlif layihələrdə iştirak edib. AzTU Alman Akademik Mübadilə Xidməti (DAAD), Ukrayna Elm və Texnologiyalar Mərkəzi (STCU), Avropa İttifaqının proqramları üzrə layihələrin dəfələrlə qalibi olub. “Tempus” proqramı çərçivəsində Almaniyanın və Hollandiyanın universitetləri ilə birgə bu ali məktəbdə son on ildə 4 layihə həyata keçirilib. Universitetin əməkdaşları 2000-2013-cü illərdə elm və təhsillə bağlı 12-dən artıq layihə yerinə yetirib, bir neçə layihə isə icra olunur.
Universitet əməkdaşları müxtəlif beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Son illər universitetdə nüfuzlu alimlərin iştirakı ilə elmin aparıcı istiqamətləri üzrə bir neçə beynəlxalq elmi konfrans keçirilib.
Xarici vətəndaşların universitetdə təhsili təşkil olunub. AzTU-nu 2 mindən artıq xarici vətəndaş bitirib. Hazırda universitetdə təhsil alan xarici tələbələrin, magistrant və doktorantların ümumi sayı 400-dən artıqdır. Onlar əsasən Türkiyə, Əfqanıstan, Pakistan, Suriya, Rusiya, İran, Misir və Yəmən vətəndaşlarıdır. Əcnəbi tələbələri Azərbaycan mədəniyyəti və tarixi ilə daha yaxından tanış etmək məqsədilə onların ölkəmizin tarixi abidə və muzeylərinə ekskursiyaları təşkil edilir. Milli bayramlarımız ilə əlaqədar keçirilən tədbirlərdə universitetdə təhsil alan xarici tələbələrin iştirakı təmin edilir.

AzTU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər