
Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Cəlal Əliyevin xatirəsinə həsr olunan beynəlxalq konfransın məhz alim tərəfindən əsası qoyulan elmi müəssisədə yekunlaşdığını söyləyib. İ.Hüseynova qeyd edib ki, Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ı təsis etməsi onun dünya səviyyəli alim kimi tanındığının sübutudur və bu, Azərbaycan elmi üçün əlamətdar hadisədir.
Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Şahniyar Bayramov, Səftər Süleymanov, Tofiq Allahverdiyev, gənc alim Səmra Mirzəyeva, Fransa Milli Kənd Təsərrüfatı Elmi Tədqiqatlar İnstitutundan doktor Ahmad Kheyr-Pour məruzələrlə çıxış ediblər.
Sonda akademik Cəlal Əliyevin tələbəsi, Pusan Dövlət Universitetinin tədqiqatçı professoru İsmayıl Zülfüqarov müəllimi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dünya şöhrətli alimin yaratdığı məktəbin layiqli davamçısı olmağı arzulayıb.
Tehsil-press.az