BSU-da “Azərbaycan təhsilində dəyərlər sistemi” mövzusunda respublika elmi konfransı keçirilib

BSU-da “Azərbaycan təhsilində dəyərlər sistemi” mövzusunda respublika elmi konfransı keçirilib Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan təhsilində dəyərlər sistemi” mövzusunda tələbə və magistrantların respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Tədbirdə çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov 2018-ci ilin bütövlükdə kollektiv üçün uğurlu olduğunu, tədris prosesinin keyfiyyətcə yüksəldiyini, universitetin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə yaradılmış Bakı Slavyan Universitetinin müstəqil Azərbaycan dövlətinin təhsil siyasətinin həyata keçirilməsində, sağlam mənəvi mühitin yaradılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayan ali təhsil ocaqlarından biri olduğunu qeyd edib.
Prorektor universitetin slavyan ölkələri, o cümlədən Türkiyə, Yunanıstan ilə Azərbaycanın əlaqələrinin genişlənməsində fəal rol oynadığını söyləyib. O, bu günlərdə BSU-da 12 ölkənin səfirinin iştirakı ilə keçirilən “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda “dəyirmi masa”nın ölkələrimiz arasında sülh və əməkdaşlığa xidmət etdiyini bildirib.
Sonra BSU-nun müəllimi Qənirə Kazımovanın “Müəllim şəxsiyyəti və pedaqoji dəyərlər”, Həmidə Abdullayevanın “Ailə dəyərləri və şəxsiyyətin formalaşmasına onun təsiri”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Könül Mollayevanın “Şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına təsir edən amillər” mövzularında məruzələri dinlənilib.
Konfrans öz işini “Rus dili və onun tədrisi metodikası”, “Azərbaycan dili və onun tədrisi metodikası”, “Ədəbiyyatın öyrənilməsinin təhsildə əhəmiyyəti”, “İbtidai və məktəbəqədər təhsil problemləri”, “Pedaqogikanın müasir problemləri”, “Psixologiya müasir təhsil sistemində” və “Təhsildə informasiya texnologiyalarından istifadə məsələləri” bölmələrində davam etdirib.

BSU-nun Mətbuat Xidməti


BSU-da “Azərbaycan təhsilində dəyərlər sistemi” mövzusunda respublika elmi konfransı keçirilibBSU-da “Azərbaycan təhsilində dəyərlər sistemi” mövzusunda respublika elmi konfransı keçirilib

Oxşar xəbərlər