Hacıqabulda İsayevlər ailəsinə məxsus şəxsi kitabxanada 11 mindən çox kitab saxlanılır

Hacıqabulda İsayevlər ailəsinə məxsus şəxsi kitabxanada 11 mindən çox kitab saxlanılır Hacıqabul şəhərində İsayevlər ailəsinə məxsus şəxsi kitabxanadan istifadə edən oxucuların sayı ilbəil artır.
Hacıqabulda 50 ildən artıq ədəbiyyat müəllimi işləmiş mərhum Hüseyn İsayev bu kitabxananı 1946-cı ildə şəhərdəki fərdi yaşayış evinin bir hissəsində təşkil edib. 72 ildir ki, rayon sakinləri, ziyalılar, elm adamları, müəllimlər, tələbə və şagirdlər 11 min kitab və əlyazmanın saxlandığı bu kitabxanadan yararlanırlar.
Hüseyn İsayev 1999-cu ildə vəfat etdikdən sonra mərhumun övladları Məhəmməd və Hənifə atalarının bu xeyirxah işini davam etdirirlər.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev atası ilə bağlı xatirələri yada salaraq deyib: “Atam ədəbiyyatı çox sevirdi, xüsusilə, klassik ədəbiyyata böyük maraq göstərirdi. Şəxsi kitabxana təşkil etmək də elə onun kitaba, şeirə, sənətə olan sonsuz məhəbbətindən yaranıb”.
Onun sözlərinə görə, atası bütün səfərlərdən qayıdanda evə çoxlu kitab gətirərmiş. Onun kitaba olan böyük marağını bilən dostları, şair və yazıçı tanışları, elm adamları öz kitablarını ona hədiyyə edərmiş.
Kitabxanada XIX əsrin əvvəllərindən bəri Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin şahidi olmuş “Murad xan”, “Kərbəlayi” təxəllüsü ilə yazılan şeirlərin müəllifi, əslən rayonun Nəvahi kəndindən olan satirik şair Mirzə Baxış Nadimin əlyazmasının o vaxtlar əl ilə çıxarılmış surətləri də var.
Burada, həmçinin XIX əsrdə Avropa və çar Rusiyasında işıq üzü görən nadir kitab nüsxələri də saxlanılır.
Dünyanın müxtəlif dillərində, müxtəlif əlifba ilə çap olunmuş kitablar bədii, texniki cəhətlərinə görə də bir-birindən fərqlənirlər.
Ötən illərdə olduğu kimi, bu gün də müxtəlif bölgələrdən və elm müəssisələrindən kitabxanaya müraciət edənlərin sayı çoxdur.
Məhəmməd və Hənifə İsayev qardaşları, ailənin digər üzvləri atadan qalma bu mədəni irsi qoruyub saxlayır və kitabların sayını ilbəil artırırlar.

Tehsil-press.az



Oxşar xəbərlər