ADNSU-da Azİİ Elektron Kitab Evi açılıb

ADNSU-da Azİİ Elektron Kitab Evi açılıb Kitabxana 7 gün, 24 saat fəaliyyət göstərəcək
Dekabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azİİ Elektron Kitab Evinin açılış mərasimi keçirilib. Mərasimdə ADNSU-nun rektoru, pofessor Mustafa Babanlı, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, universitetin İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, həmçinin universitetin professor-müəllim və tələbə heyəti, eləcə də media nümayəndələri iştirak ediblər.
Kitabxananın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları kitabxanada yaradılan şərait, onun resursları və oxu zalı ilə tanış olublar. Azİİ Elektron Kitab Evinin müdiri Səlahət Mahmudova tədbir iştirakçılarına kitabxananın yeni maddi-texniki bazası, kitablar və 24 saat fəaliyyət göstərəcək kitabxananın iş prinsipi, eləcə də kitabların xüsusi qorunma rejimi haqqında məlumat verib.
Sonra ADNSU-nun rektoru, professor M.Babanlı iştirakçıları salamlayaraq Azİİ Elektron Kitab Evinin açılış mərasiminin universitetin həyatında ən əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Kitabxananın qurulması prosesi barədə məlumat verən rektor M.Babanlı burada ADNSU-ya məxsus unikal bir sistemin yaradıldığını və Azİİ Elektron Kitab Evinin sırf Azİİ brendi olaraq ərsəyə gələn, 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana olduğunu vurğulayıb. 800 kvm-lik sahəni əhatə edən kitabxananın universitetin elektron şəbəkəsinə qoşulduğunu diqqətə çatdıran rektor M.Babanlı tələbələrin istifadəsi üçün hər cür şərait yaradıldığını və onun 1 milyon kitab resursuna malik olduğunu qeyd edib. Kitabxanadan istifadə qaydaları haqda məlumat verən rektor M.Babanlı gələcəkdə onun ikinci hissəsinin də istifadəyə veriləcəyini bildirib. O, kitabxananın ilk növbədə ADNSU tələbələri və əməkdaşları üçün, gələcəkdə isə bütün ölkə vətəndaşları üçün açıq olacağını deyib.
Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva son illər ərzində ADNSU-da sürətli inkişaf və quruculuq işlərinin müşahidə olunduğunu qeyd edib. ADNSU-nun təkcə maddi-texniki bazasının deyil, eyni zamanda ümumi strukturunun yeniləndiyini diqqətə çatdıran M.Vəliyeva universitetin daha bir unikal layihəyə imza ataraq 24 saat işləyən müasir kitabxana sisteminin yaradılmasında göstərdiyi təşəübbüsü yüksək qiymətləndirdiyini bildirib.
Müasir standartlara uyğun elektron kitab evi ilə Azİİ-nin özünün yeni brendini təqdim etdiyini deyən millət vəkili Aydın Mirzəzadə ADNSU-nun bununla ölkədə kitabxana mədəniyyətinin inkişafına öz töhfəsini verdiyini söyləyib.
Tədbirin sonunda ADNSU-nun keçmiş məzun “Barratson” şirkətinin təsisçisi və Baş direktoru Elşən Rəhimov universitetdə gedən islahatlardan qürur hissi duyduğunu bildidirib. O rəhbərlik etdiyi qurum adından ADNSU-nun Azİİ Elektron Kitab Evinə 100 ədəd kitab hədiyyə edib.
Qeyd edək ki, 2 mərtəbəli kitabxanada oxu zalları mövcuddur. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən xarici universitetlərin bazalarına daxil olmaq mümkündür. 1 milyon kitab resursuna malik kitabxanada, 1200 ədəd elektron kitab var. Kitabların hamısı professor-müəllim heyətinin seçiminə uyğun çeşidlənib və təsnifatlandırılıb. 250 min ədəd kitabın barkodları qeyd olunub. Kitablar xüsusi rəflərdə xüsusi qorunma ilə saxlanılır. Kitabxanada gecə məşğul olmaq istəyən tələbələrin pulsuz qidalanması nəzərdə tutulub.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər