Islam həmrəyliyi ilinə töhfə

Islam həmrəyliyi ilinə töhfə Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində nəşr olunmuşdur. Türkə və türklüyə xüsusi məhəbbəti ilə seçilən ölməz sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. Qeyd edək ki, Hafiz Şirazinin əsərləri hələ orta çağda dünyaya yayılmış, əlyazma nüsxələri dünyanın ən mötəbər kitabxanalarında qiymətli sənət nümunələri kimi qorunmuşdur. Azərbaycanda da bütün zamanlarda bu böyük sənətkara xüsusi məhəbbət və rəğbətlə yanaşılmış, onun irsi öyrənilmiş, şeirlərinə nəzirələr yazılmışdır. Yeri gəlmişkən qeyd edək ki, şairin əsərlərini ilk dəfə toplayıb divan şəklinə salan da orta çağ Azərbaycan şairi Şah Qasım Ənvər (1494-cü ildə vəfat etmişdir) olmuşdur.
XX əsrdə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi kimi nəhəng söz ustalarımız onun yaradıcılığından bəzi poetik nümunələri dilimizə çevirmişlər. Ancaq Hafiz Şirazi Azərbaycanda nə qədər sevilsə də, onun əsərləri küll halında indiyədək dilimizə çevrilməmişdir. Fikrimizcə, bunun əsas səbəbi Hafiz şeirinin poetik ruhunun, bədii siqlətinin tərcümədə saxlanmasının mütərcimlər üçün çətin olmasıdır. Şairin əsərlərinin tərcüməsi ilə ilk dəfə nisbətən əhatəli şəkildə tanınmış şərqşünas alim Əbülfəzl Hüseyni məşğul olub. O, şairin 117 qəzəlini, bəzi saqinamələrini, qitələrini, rübailərini, bir məsnəvisini və bir çox şahbeytlərini dilimizə çevirmişdir.
Ancaq onu qeyd etməliyik ki, Hafiz ilk növbədə qəzəl şairidir. Bu qəzəllər onu dünyada tanıdıb, ona “lisan ül-qeyb” təxəllüsü qazandırıb. Onların sayını dəqiqləşdirmək mümkün olmasa da, Seyid Əbdürrəhman Xəlxalinin hazırladığı “Divane-Xacə Hafiz Şirazi” (Tehran 1928) adlı tənqidi mətndə onların sayı 496, Hüseyn Pəjmanın “Divane-Xacə Şəmsəddin Məhəmməd Hafez Şirazi” (Tehran 1939) kitabında isə 581 göstərilmişdir. Bəziləri bu rəqəmi hətta minə çatdırırlar.
Fikrimizcə, bu kitab Azərbaycan Respublikasında Hafiz yaradıcılığı ilə bağlı boşluğu müəyyən qədər dolduracaq. Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev çapa hazırlamışdır. Nəşrin üstünlüyü ondan ibarətdir ki, burada hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilmiş, geniş şərh yazılmışdır. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva kitaba rəy vermişdir. Kitabın elmi redaktoru, fil.ü.e.d., professor Rafiq Novruzovdur.
Kitab Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərancamı ilə elan olunmuş İslam Həmrəyliyi ilinə töhfə olaraq nəşr edilmişdir.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər