SDU-da 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edildi

SDU-da 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edildi Sumqayıt Dövlət Universitetində xalqımızın qan yaddaşına qürur günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.
Əvvəlcə professor-müəllim və tələbə heyəti o cümlədən məzun şəhidlərin ailə üzvləri universitetin həyətində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər qərənfillər düzdülər, Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Universitetin Akt zalında davam edən mərasimdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verdi. Bildirdi ki, 20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifəsi, qürur və şərəf tariximizdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğın törədildi. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid oldu, 744 nəfər yaralandı və xəsarət aldı. O dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu. Ulu Öndər özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, bu qətliama kəskin etirazını bildirdi, faciənin səbəblərini və təşkilatçılarının adlarını açıqladı. Ulu öndərin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. Rektor onu da qeyd etdi ki, baş verən hadisələr nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu gün böyük inam hissi ilə onu da qeyd edə bilərik ki, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək güclü ordumuzun şücaəti sayəsində tezliklə ərazi bütövlüyümüzü bərpa edəcəyik! Aprel döyüşləri və orada işlədilən silahlar sübut etdi ki, Azərbaycan nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Şəhidlər bizim həm nisgilimiz, həm də qürurumuzdur. İllər keçsə də, şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, bünövrəsinin qoyulduğunu gələcək nəsillər böyük ehtiramla xatırlayacaqdır. Rektor 20 Yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı.
Universitetin Tədris Metodik Mərkəzinin əməkdaşı - şair, dramaturq Əvəz Mahmud Lələdağ, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samin Qocayev, Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Ceyhun Əsgərov çıxış edərək vurğuladılar ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu təcavüzün məqsədi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini beşikdə boğmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası öz çirkin məqsədlərinə çata bilmədi. Azərbaycan xalqı vəhşiliklə həyata keçirilən bu cəza tədbirindən qorxmadı, bu sınaqdan qəhrəman bir döyüşçü kimi çıxaraq azadlıq arzularını həyata keçirdi. Bugün Azərbaycan gəncliyi xoşbəxtdir ki, güclü ordusu və qətiyyətli rəhbəri olan ölkədə yaşayır. Bu isə xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Azərbaycanın tarixinin öyrənilməsi, həqiqətlərin dünya ictimayyyətinə çatdırılmasında gənclərin fəallığının daha da artırılması xüsusi ilə qeyd olundu.
Tədbir tələbələrin ifasında əbədi-bədii kompozisiya ilə davam etdi. Tarix və coğrafiya fakültəsinin tələbələri Əliyar Rəfiyev, İbrahim Qəniyev, Filologiya fakültəsinin tələbəsi Günay Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Aliyə Əlizadənin ifalarında “Qanlı Yanvar hadisələri”nə həsr olunmuş şeirlər səsləndirildi.
Şair, dramaturq Əvəz Mahmud Lələdağ Şəhidlərimizə həsr etdiyi “O gecə” poemasından bir parça səsləndirdi.

Qanın yerdə qalmaz, igid qardaşım,
Qəbrin nurla dolsun, ağbirçək ana.
Mənim şəhid bacım, şəhid qardaşım,
Siz vüqar oldunuz Azərbaycana.


Sonra rektor dəyirmi masa ətrafında Qanlı Yanvar faciəsində şəhid olan məzun tələbələrimizin ailə üzvləri ilə görüşdü, qayğıları ilə maraqlandı və onların problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verdi.
Şəhid ailələri adından çıxış edən Həmzə Adıyevin bacısı Səadət Adıyeva bildirdi ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur, hər il bu hadisənin ildönümü dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur. Onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin universitet rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi.

SDU-nun Mətbuat Xidməti


SDU-da 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edildiSDU-da 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edildiSDU-da 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edildiSDU-da 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edildi

Oxşar xəbərlər