Riqada Xocalı qurbanlarının xatirəsi anılıb

Riqada Xocalı qurbanlarının xatirəsi anılıb Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
Latviya Universiteti Akademik Kitabxanasının konfrans zalında keçirilən tədbirdə bu ölkənin keçmiş prezidenti Valdis Zatlers, ölkə ictimaiyyətinin üzvləri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, parlament dostluq qrupunun təmsilçiləri, jurnalistlər, müxtəlif ölkələrdən olan tələbələr iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Fondu tərəfindən çoxsaylı video, fotomateriallar əsasında istehsal edilmiş “Xocalıya ədalət” sənədli filminin nümayişindən sonra səfir Cavanşir Axundov çıxış edib. Səfir bildirib ki, xüsusi və ağlasığmaz qəddarlıqla törədilən bu soyqırımı aktı Ermənistanın etnik təmizləmə siyasətinə xidmət edib. Xocalı soyqırımının erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı 200 illik siyasətinin davamı olduğunu qeyd edən səfir faciə qurbanlarının xatirəsini daim yaşatmağı gənclərə tövsiyə edib. Bu vəhşilik aktı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən bəhs edən diplomat hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində silsilə tədbirlərin keçirildiyini, indiyədək bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən qətliamı tanıyan və qınayan bəyanatların qəbul edildiyini söyləyib.
2015-ci il fevralın 26-da Latviya seymində də Xocalı soyqırımı ilə əlaqədar müvafiq bəyanatın qəbul edildiyi günü önəmli tarixi uğur adlandıran səfir Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu tərəfindən 53 deputatın imzası ilə qəbul edilmiş bu sənəddə faciənin insanlıq əleyhinə cinayət olaraq tanındığını vurğulayıb, nümayiş etdirdiyi həmrəyliyə görə Latviya xalqına dərin təşəkkürünü ifadə edib. Bir gün faciənin bütün dünyada soyqırımı aktı kimi tanınacağına inam bildirən səfir həmvətənlərimizi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ətrafında sıx birləşməyə və bu faciəni daim xatirələrdə yaşadaraq gələcək nəsillərə ötürməyə çağırıb: “Həmin gün qətlə yetirilmiş körpələr bu gün 27-30 yaşlarında ola bilərdilər. Onlar da yaşayaraq arzularını reallaşdırardılar”, - deyə səfir vurğulayıb.
Fevralın 23-də Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi matəm mitinqinin keçirildiyini və bu gün Latviyada azərbaycanlı tələbələrin iştirakı ilə baş tutmuş anım yürüşünü qeyd edən səfir bu aksiyaların qanlı faciənin təbliği, xatirələrdə yaşadılması və gələcək nəsillərə çatdırılmasındakı vacibliyini önə çəkib.
Latviyalı ictimai xadim və yazıçı Yanis Udris çıxışı zamanı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edərək, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib. Ölkəmizdə baş vermiş 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər bu kimi hadisələrin xatirələrdə dərin izlər buraxdığını qeyd edən yazıçı Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin böyük qurbanlar bahasına başa gəldiyini diqqətə çatdırıb. Bu cür faciələrlə üzləşən bir xalqın qısa zamanda böyük siyasi və sosial-iqtisadi inkişaf yolu keçməsinə heyran qaldığını qeyd edən yazıçı bütün bu nailiyyətlərin əldə edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərinin əvəzsiz olduğunu söyləyib.
Tarixi perspektivdə Xocalı soyqırımının beynəlxalq ictimaiyyət və bütün insanlıq üçün bir dərs olduğunu qeyd edən Y.Udris bu hadisənin beynəlxalq təhlil və qınağa layiq olduğunu bildirərək, onu dünyada baş vermiş digər analoji faciələrlə müqayisə edib. Bunların sırasında faşist Almaniyası tərəfindən yəhudi millətinə qarşı törədilən soyqırımı, 1937-ci ildə Sovet imperiyasının ərazisində yaşayan latış xalqına “burjua Latviyasının casuslarına qarşı mübarizə” şüarı altında aparılmış kütləvi qırğınların adlarını çəkən yazıçı bu halların tarixdə alman, polyak və digər xalqların nümayəndələrinə qarşı da törədildiyini diqqətə çatdırıb.
Sonra Azərbaycan mədəniyyət-informasiya mərkəzi – “Azərbaycan Guşəsi”nin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili” kurslarının latviyalı tələbələrinin ifasında Azərbaycan, latış, rus və ingilis dillərində Xocalı soyqırımına həsr edilən ədəbi kompozisiyalar səsləndirilib. Polşada yaşayan azərbaycanlı opera ifaçısı Tərlan Şahbaz tədbirin ruhuna uyğun xalq və bəstəkar mahnıları ifa edib.
Tədbirdə Xocalı soyqırımından bəhs edən müxtəlif kitab və broşürlər sərgilənib.
Sonda faciə qurbanlarının xatirəsinə ehsan verilib.
Tədbirdən əvvəl “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Latviyadakı azərbaycanlıların və tələbələrin iştirakı ilə izdihamlı matəm-anım yürüşü keçirilib. Təxminən 100-ə yaxın insanın qatıldığı yürüşdə “Xocalıya ədalət!” şüarları yazılan plakatlar, habelə soyqırımı hadisəsini təsvir edən fotoşəkillər nümayiş etdirilib, “Xocalıya ədalət!”, “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər