Mehman Hüseynov: “Mənim tələbim o deyildi ki, həbsxanada kabab versinlər” - Təfərrüat

Mehman Hüseynov: “Mənim tələbim o deyildi ki, həbsxanada kabab versinlər” - Təfərrüat İki illik həbs həyatından sonra mətbuat konfransı keçirən bloqer: “Prezidentə müraciəti özüm yazıb və imzalamışam”
Bloger Mehman Hüseynov martın 5-də evində mətbuat konfransı keçirib.
O bildirib ki, həbsxanada olduğu müddətdə mübarizəsini davam etdirib: “Bu mübarizə mənə ağır başa gəlib. İlk növbədə bu müddətdə anamı itirdim. Bilirsiniz ki, qardaşlarımın biri xaricdədir, biri də Naxçıvanda əsgərdə. Düşünürdüm ki, anamı itirdikdən sonra çökəcəyəm. Lakin gördüm ki, çox güclüyəm və itkilərə baxmayaraq, mübarizəni davam etdirdim. İlk öncə azadlıqda olmağımın səbəbkarlarına təşəkkür edirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Xalq mən aclıq edən, mübarizə aparan zaman yanımda olub. Bundan əlavə, Avropa Parlamentinin deputatları, Amerika senatorları, beynəlxalq və yerli qurumlar aclıq keçirən zaman mənə dəstək oldular. Mənimlə birlikdə digər dostlarımız da aclıq aksiyası keçirirdilər ki, onlara da təşəkkür edirəm. Siyasi partiyalara, Milli Şuraya təşəkkür edirəm ki, mitinq təşkil ediblər. Həbsdən çıxan zaman jurnalistlər məni burada üç-dörd saat gözləyib. Bunu dəyərləndirməliyəm. Ancaq jurnalistlər də başa düşməlidirlər ki, mən iki il ərazində əziyyət çəkirdim. Azad mətbuata çıxışım yox idi, telefon çətinliyim vardı. Bilmirdim ki, çöldə nə baş verir. Ona görə də azadlığa çıxan zaman jurnalistlərə bildirdim ki, icazə verin iki gün məlumatları araşdırım. Bu iki gün ərzində araşdırma edib, mitinqdə baş verənlər, bütün yaşananlar haqqında məlumat topladım. Mənim üçün mübarizə aparanlara təşəkkür edirəm”.

Mehman Hüseynov: “Mənim tələbim o deyildi ki, həbsxanada kabab versinlər” - Təfərrüat

O, barəsində açılan və sonra xitam verilən cinayət işi haqda da danışıb: “Heç bir ağlı başında olan insan həbsinin başa çatmasına iki ay qalmış təxribata uymazdı. Hadisə ilə bağlı bildirim ki, belə bir hadisə, ümumiyyətlə, baş verməyib. Əvvəllər də siyasi məhbuslara qarşı cəzanın sonuna yaxınlaşanda təxribatlar olub. Düşünürəm ki, təxribatla üzləşən insanlar bəlkə vaxtında düzgün addım atmayıblar deyə, mənim də başıma belə işlər gəlib. Cinayət işinin açılması ilə bağlı xəbər aldığımda bildirdim ki, cəzama iki ay qalıb və 2 mart tarixi mənim üçün çox önəmli olacaq”. M.Hüseynov deyib ki, bu səbəbdən aclıq aksiyası keçirib, sudan belə imtina edib: “Bunları həbsdən qorxduğum üçün etmirdim. Həbsdən qorxan insan mənim kimi fəaliyyət göstərməzdi. Bu hadisə mənim üçün prinsipial məsələ idi. Aclıq aksiyası zamanı huşumu da itirdim. Aclıq aksiyası keçirənlər aclığın nə olduğunu yaxşı bilirlər. Bu, çox çətin proses idi. Qərar vermişdim ki, haqsızlıq aradan götürülənə qədər davam edəcəyəm. Aclıq aksiyasına dekabrın 26-da başlamışdım. Dekabrın 30-da vəziyyətim pisləşib, huşumu itirmək üzrəydim. Həkimlər bildiriblər ki, aclıq aksiyasını dayandırmasam, sistem vasitəsilə yemək yedirdib, çəkib ictimaiyyətə göstərəcəyik. Proseslərdə irəliləyiş olduğu üçün sonradan mən yoqurt, süd də qəbul etdim. Bəziləri deyirlər ki, Mehman yemək də yeyib. Bu, doğru deyil. Prezidentə müraciətimə gəlincə isə hamı indi düşünür ki, Mehman bunu boynundan atacaq. Xeyr, açıq şəkildə deyirəm ki, müraciəti özüm yazıb və imzalamışam. Müraciətdə bildirmişəm ki, mən Əli Abdalovu vurmamışam. Bu, mənə qarşı haqsızlıqdır və aradan götürülməlidir. Mübarizənin sonunda saxta cinayət işinə xitam verildi”.

Mehman Hüseynov: “Mənim tələbim o deyildi ki, həbsxanada kabab versinlər” - Təfərrüat

M. Hüseynov bildirib ki, müraciətində qardaşı ilə bağlı qeyd olunanları özü yazıb: “Başa düşmürdüm ki, şərləmə prosesi niyə baş verib. Əgər Emin Hüseynovun hərəkətlərinə görə məndən qısas alırlarsa, onun məsuliyyətini mən daşımıram. Biz bir-birimizi müdafiə edə bilərik, ancaq hərəkətlərimizə cavabdeh ola bilmərik”.
M.Hüseynov onunla görüşən hüquq müdafiəçiləri barəsində də danışıb: “Onlar çıxıb bildiriblər ki, Mehmanin şəraiti yaxşıdır. Mənim tələbim o deyildi ki, həbsxanaya PlayStation gətirsinlər, kabab versinlər. Tələbim o idi ki, mənə qarşı olan haqsızlıq aradan götürülsün”.
O, Əli Abdalovla barışması barədə bunları deyib: “Məsələ odur ki, Əli Abdalov çox kiçik fiqur idi. Həmin insan mənə qarşı şərəfsizlik edibsə, görün necə tərbiyə, mədəniyyət almışamsa, onu Azərbaycan xalqının övladı kimi dəyərləndirib, bağışladım. Düşündüm ki, onun da ailəsi var. Onun ailəsinin, valideynlərinin, balaca uşağının heç bir günahı yoxdur. Biz görüşəndə dedilər ki, gizli video çəkəcəyik. Mən dedim ki, bunu açıq edin. Camaat görsün ki, Mehman necə insandır ki, ona qarşı bu cür hərəkət edəni bağışladı. O adamla mənim heç bir problemim olmayıb”.

Əli RAİS

Oxşar xəbərlər