Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub

Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub “Sinxua” informasiya agentliyi “Bir kəmər-bir yol” İkinci beynəlxalq əməkdaşlıq sammitinin açılışından əvvəl,azərbaycanlı çinşünas alim, Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun““Bir kəmər bir yol” layihəsi daha da sıx regional əməkdaşlığa töhfə verir” adlı analitik materialı yayımlayıb. R. Abbasov qeyd edib ki, “Bir kəmər-bir yol” İkinci beynəlxalq əməkdaşlıq sammitinin keçirilməsi, şübhəsiz, Avrasiya nəqliyyat xəttində yerləşən dövlətlər arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq, Avrasiya kontinentinin iqtisadi inkişafının Çin modeli perspektivlərinin daha geniş formatda müzakirəsinə imkan yaradacaq: “Əminəm ki, sammitdə Avrasiya iqtisadi inkişaf dəhlizlərinə inteqrasiya siyasəti aparan dövlətlər arasında yeni ikitərəfli memorandum imzalanacaq , bu da kontinentin siyasi və iqtisadi landşaftını dəyişəcək, Avrasiyaya sülh, stabillik və rifah gətirəcək. ÇXR Sədri Si Cinpin qeyd edir ki, Çin bütün dövlətlərlə “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığa hazırdır və bu, əməkdaşlıq istiqamətində açıq platformadır. Bu təşəbbüs ÇXR-in Sədri Si Cinpin tərəfindən irəli sürülüb, XXI əsrdə insanlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsi istiqamətində tarixi təcrübədən bəhrələnməklə enerji, nəqliyyat, sənaye, həmçinin humanitar əməkdaşlıq sahəsində inteqrasiyanın inkişafı istiqamətində yeni yanaşmadır.
Hesab edirəm ki, “Bir kəmər-bir yol” əməkdaşlığının İkinci beynəlxalq sammiti Avrasiyada beynəlxalq normalara uyğun şəkildə bərabərhüquqluluq, milli müstəqilliyə hörmət əsasında nəqliyyat-ticarət strukturunun yaradılması və daha da inkişaf etdirilməsi ilə əlaqədar tamamilə yeni prioritetləri müəyyən edəcək. Hazırda Çinin qarşısında ölkənin 2050-ci ilə qədər zəngin, güclü, demokratik, harmonik, sivil modern sosialist dövlətinə çevrilməsi, Çinin dünya iqtisadiyyatında liderlik mövqeyinin qorunub saxlanması kimi nəhəng problemlərin mövcud olduğu bir məqamda Çinin müasir innovasiya iqtisadiyyatının yaradılmasında mühüm vasitə, dövlət siyasətində dünyaya aşkarlığın həyata keçirilməsi ilə əlaqədar Tarixi İpək yolu layihəsinin bərpası kimi qlobal layihənin yerinə yetirilməsinin əhəmiyyəti barədə danışmaq bir qədər çətindir. Müvafiq olaraq “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı Çin üçün nəinki siyasi koordinasyanın , infrastrukturun qarşılıqlı əlaqəsi, həmçinin üzv ölkələr arasında fasiləsiz ticarətin təmin olunması sahəsində mühüm əhəmiyyətə malikdir, həm də aşkarlıq siyasətinin genişlənməsi və reqional tərəfdaşlarla münasibətlərin inkişafı istiqamətində mühüm rol oynamışdır. “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi ilə ÇXR-in həm siyasi, həm də sosial-iqtisadi inkişafı ilə əlaqədar nəticələr hiss olunmaqdadır. Çinin iqtisadi inkişafının yeni modelinin qurulması, iqtisadiyyatın idarə olunmasında intensiv metodlara keçid şəraitində Çin şirkətlərinin ölkə xaricində investisiya yatırımları əhəmiyyətli dərəcədə artmışdır, Çin məhsullarının ixracı və mineral xammalın idxalı ilə bağlı yeni bazarlara çıxış mümkün olmuşdur, xarici ticarət istiqamətində daha balanslaşdırılmış siyasətə keçmək mümkün olmuşdur, regional valyuta-maliyyə sahəsində inteqrasiya inkişaf etdirilmişdir, maliyyə əməliyyatlarında yuanın rolu artmışdır, izafi istehsal gücü, təkrar emal ilə bağlı problemlər həllini tapmağa başlamışdır. Bundan başqa yeni nəqliyyat-iqtisadi dəhlizlərin inşası hesabına Çinin dəniz kənarı və daxili bölgələrinin sosial-iqtisadi inkişafının differensiasiyasının səviyyəsi aşağı düşməyə başlamışdır, yeni xüsusi iqtisadi zonalar yaradılmışdır. “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsinin nəticələri, həm də Çinin “ mülayim qüvvə” strategiyası humanitar sahədə əməkdaşlığın genişlənməsinə səbəb olmuşdur, tərəfdaş ölkələr arasında ictimai-siyasi dialoq artmışdır, Konfutsi İnstitutlar şəbəkəsi ilə əlaqələr genişlənmişdir. Məsələn, Azərbaycan-Çin mədəniyyətlərarası dialoq proqramını həyata keçirmək istiqamətində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi altında İpək Yolu tədqiqatları üzrə ixtisaslaşmış Konfutsi İnstitutu yaradılmışdır. R.Abbasov xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikası Avrasiyanın mərkəzində unikal geostrateji mövqeyə malikdir, ölkəmiz geniş infrastruktur imkanları və zəngin neft və qaz yataqlarının mövcud olması ilə əlaqədar “İpək yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm regional mərkəz hesab olunur. Eyni zamanda Azərbaycanın “İpək yolu iqtisadi zolağı” layihəsinin həyata keçirilməsində fəal iştirakı sənaye istehsalı sahəsində , neft və qaz sektorunda, yüksək texnologiyaların
inkişafında, infrastruktur və digər sahələrdə Azərbaycan-Çin əməkdaşlığını daha da genişləndirməyə imkan yaradacaqdır ki, bununla da ölkəmiz Çinin mühüm strateji tərəfdaşına çevriləcəkdir. 1998-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş Beynəlxalq “TRASEKA – Tarixi ipək yolunun Bərpası” konfransının keçirilməsi Azərbaycanın transavrasiya nəqliyyat layihələrində iştirakında mühüm mərhələ olmuşdur.
Konfransda çıxış edən Ümummilli lider H.Əliyev xüsusi olaraq qeyd etmişdir ki, tarixi İpək Yolunun bərpası ilə bağlı məsələlərin müzakirəsi, konfransın nəticələri və yekunu Avrasiya məkanında milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın , sülhün, stabilliyin və tərəqqinin möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edəcəkdir. Azərbaycanın “Bir kəmər, bir yol” proqramının həyata keçirilməsində fəal iştirakı, hər şeydən əvvəl, 2015-ci ilin dekabr ayında Azərbaycan prezidenti cənab İlham Əliyevin Çin Respublikasına tarixi səfəri ilə əlaqədardır. Səfər zamanı Çin Xalq Respublikasının Sədri ilə “İpək yolu iqtisadi zolağı” nın yaradılmasının daha da genişləndirilməsi barədə qarşılıqlı anlaşma istiqamətində birgə Memorandum imzalanmışdır. Bununla da iki ölkə arasında gələcək əməkdaşlığın möhkəm bünövrəsi qoyulmuşdur. 2019-cu ildə Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafı: Çinin trilyon dollara baxışı” mövzusunda keçirilmiş sesiyada iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diskussiyalar zamanı qeyd etmişdir ki, Azərbaycan Çin dövləti tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir, çünki bununla əlaqədar Şərqdə və Qərbdə, həmçinin Cənubda və Şimalda yerləşən, kontinentləri birləşdirən qonşu ölkələrin də tranzit dövlətlər zəncirinə qoşulması imkanları yaranır, bu da həmin ölkələrin gələcəyini proqnozlaşdırmağa imkan verir. Davosda olarkən Çinin CGTN telekanalına müsahibə verən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın proqramın həyata keçirilməsində iştirakının genişləndirilməsinin mühüm aspekti nəqliyyat infrastrukturlarının və ticarət dəhlizlərinin yaradılmasıdır, inklyuziv regional əməkdaşlığın inkişafı həm də dövlətlərarası dinc münasibətlərin və iqtisadi əməkdaşlığın yaradılmasıdır. Onu da qeyd etmək lazımdır ki, geniş miqyaslı nəqliyyat infrastrukturlarının inşası, regionlararası ticarət dəhlizlərinin inkişaf etdirilməsinin inkişafı və hərtərəfli yardım ilk növbədə Azərbaycanda mövcud davamlı siyasət və makro iqtisadi stabilliklə şərtlənir. Eləcə də Azərbaycan neft və qazın
ixracı sənayesi istiqamətində inkişaf etmiş ölkədir və xarici şirkətlər üçün münbit və liberal investisiya mühitinə malikdir. Böyük İpək Yolu layihəsinin nəqliyyat-iqtisadi əlaqələrinin bərpası perspektivləri 2018-ci ildə baş tutmuş Bakı forumunda “Çinin xarici siyasətini necə anlamalı?!” bölməsinin iştirakçılarının çıxışlarında da öz əksini tapmışdır.
Burada qeyd edilmişdir ki, beynəlxalq əməkdaşlığın xüsusi modeli kimi “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi və mövcud ikitərəfli və çoxtərəfli mexanizmlərin, həmçinin Çinin iştirakı ilə qarşılıqlı təsir strukturların möhkəmləndirilməsi ölkənin xarici siyasət fəaliyyətində mühüm prioritetlərdən biridir, sülh və davamlı inkişaf cəlb olunmuş ölkələrin iqtisadi dirçəlişi, müxtəlif sivilizasiyalar arasında mədəniyyət sahəsində əlaqə və mübadilə istiqamətində təklif olunmuş modelidir. Bununla yanaşı, Azərbaycanın geopolitik mövqeyi və dünyanın müxtəlif istiqamətlərinə gedən ticarət yollarının kəsişməsində yerləşməsi ölkəmizin Böyük İpək Yolunun bərpası çərçivəsində həyata keçirilən və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına hesablanmış TRASEKA proqramının mühüm iştirakçısına çevrilməsinə səbəb olmuşdur. Avrasiya nəqliyyat strukturunun diversifikasiyasında mühüm əhəmiyyət kəsb edən yeni nəqliyyat dəhlizi Azərbaycanın regionun beynəlxalq yükdaşımalarında əsas tranzit qovşağına çevrilməsinə səbəb olur. Lakin İpək yolunun Bakı-Tbilisi-Qars dəmir yolu həm regionda davamlı inkişafı və təhlükəsizliyi, həm də Xəzəryanı regionun və Mərkəzi Asiyanın Avropa ilə birbaşa nəqliyyat əlaqələrini təmin edəcəkdir. Qeyd etmək lazımdır ki, Azərbaycan İpək yolunun bərpası istiqamətində də ciddi investisiyalar yatırır, nəqliyyat infrastrukturunun modernləşməsini həyata keçirir. Ticarətin asanlaşması və reqiondaxili və transregional infrastrukturun kooddinasiyasına gətirib çıxaran effektiv çoxmodullu nəqliyyat dəhlizlərinin yaradılması, şübhəsiz ki, Azərbaycan-Çin əlaqələrinin inkişafına və Avrasiya məkanında davamlı inkişafın sürətlənməsində öz töhfəsini verəcək”.

ADU-nun Mətbuat Xidməti





Oxşar xəbərlər