ADU-da Çinin siyasi tarixinə dair seminar təşkil olunub

ADU-da Çinin siyasi tarixinə dair seminar təşkil olunub Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Çinin XX əsr siyasi tarixi” seriyasından “Nankin onillik” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə seminar iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Ulu Öndərin müstəqil Azərbaycanın xarici siyasətinin formalaşmasında, Azərbaycan-Çin münasibətlərinin yaranması və inkişafında rolunu vurğulayıb.
O, ulu öndər Heydər Əliyevin Çinə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan tarixi səfəri haqqında ətraflı məlumat verib. R.Abbasov Çinin qlobal əhəmiyyət daşıyan və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına yönəlmiş “İpək Yolu iqtisadi kəməri” layihəsinin həyata keçirilməsində Azərbaycanın aktiv iştirakı, 1998-ci ildə Bakıda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş “TRASEKA – tarixi İpək Yolunun bərpa olunması” beynəlxalq konfransı haqqında söhbət açıb. R.Abbasov, həmçinin Çin xalqının 1937-1945-ci illərdə müstəqillik uğrunda milli azadlıq mübarizəsi, həmçinin İkinci Dünya müharibəsində Çinin hərbi-strateji əhəmiyyəti barədə də məlumat verib.
Seminarda ADU-nun müəllim və tələbələri XX əsrdə Çində baş verən əsas siyasi hadisələrdən, Çin xalqının vahid müstəqil Çin uğrunda mübarizəsindən bəhs ediblər. Həmçinin Çin Kommunist Partiyasının fəaliyyəti və müharibənin son mərhələsində bu ölkədəki hərbi-siyasi vəziyyət diqqətə çatdırılıb.
Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr və siyasət şöbəsinin rəhbəri Zheng Haynin də iştirak edib.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər