Birinci sinfə qəbul üzrə 38 min 443 sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 38 min 443 sorğu yerləşdirilib Aprelin 29-na (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 38 min 443 sorğu yerləşdirilib. Onlardan 35 min 145-i ümumtəhsil məktəblərini, 3298-i isə lisey və gimnaziyaları seçib.
Bu göstərici paytaxtdakı dövlət ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.
2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.
2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Tehsil-press.az



Oxşar xəbərlər