BDU-da uğurlu elmi-tədqiqatlar aparılır

BDU-da uğurlu elmi-tədqiqatlar aparılır Bakı Dövlət Universitetinin (BDU) elmi şurasının növbəti iclası keçirilib.
Əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub.
Bu ali məktəbin İctimai Nəzarət və Məsləhət Şurası üzvlərinin də iştirak etdiyi iclası universitetin rektoru Elçin Babayev açaraq, elmi şuranın gündəliyini diqqətə çatdırıb. Qeyd olunub ki, gündəliyə ötən il yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı, cari tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasına hazırlıq məsələlərinin müzakirəsi, elmi adların verilməsi və cari məsələlər daxil edilib.
Azərbaycanda elm və təhsilin inkişafının, elmi kadrların hazırlanmasının mühüm məsələlərdən olduğunu bildirən rektor Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Sonra elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadənin 2018-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında hesabatı dinlənilib. Alim BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından, universitetin ayrı-ayrı reytinq təşkilatlarının siyahısına daxil edilməsindən, xaricdə nəşr olunmuş məqalələrin “Clarivate Analytics” agentliyinin “Web of Science” bazasına daxil olan və “Springer Nature” nəşriyyatı tərəfindən nəşr edilən nüfuzlu dərgilərdə dərc olunmasından danışıb.
Eyni zamanda, 2018-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları, təhsil müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilən qrant layihələri, BDU-da çap olunan elmi jurnalların fəaliyyəti barədə məlumat verilib.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına və Yekun Dövlət Attestasiyasına hazırlığın vəziyyəti haqqında danışıb.
İclasda BDU-nun bir qrup əməkdaşına dosent və professor elmi adlarının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər