Abşeronda faşizm üzərində qələbənin 74 illiyi qeyd edilib

Abşeronda faşizm üzərində qələbənin 74 illiyi qeyd edilib Abşeron rayonunda alman faşizmi üzərində qazanılan qələbənin 74 illiyi qeyd olunub.
Qələbə günü tədbirində Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, rayon içtimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Tədbir rayonun Novxanı kəndində Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidəsi önünə çiçəklər qoyulması ilə başlayıb və Xırdalan şəhərində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə yaradılan abidənin qarşısında davam etdirilib.
1941-1945-ci illərdə həlak olan, eləcə də Azərbaycanın bütövlüyü uğrunda döyüşərək şəhid düşən hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə keçən tədbirdə bildirlib ki, bu qanlı müharibədə Azərbaycandan 670 mindən çox oğul və qız cəbhəyə yola düşüb, onların təxminən yarısı döyüşlərdə həlak olub.
Ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bu igidlərdən ikisi isə qəhramanlıqları ilə dillər əzbəri olan abşeronlular Mikayıl Ələkbərov və Mehdi Hüseynzadədir.
Qeyd edək ki, Abşeron rayonundan 1725 nəfər Böyük Vətən Müharibəsində iştirak edib, onlardan yalnız 964 nəfəri geri qayıdıb.
Sonda tədbir iştirakçıları Abşeron rayon Mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompazisiyalara tamaşa ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər