Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama

Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama Bir neçə gündür ki, sosial şəbəkələrdə 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin müəllimlərinin təzyiqinə dözməyərək intihara cəhd etməsi ilə bağlı yayılmış xəbər geniş müzakirə olunur. Bildirilir ki, hadisədən sonra sözügedən şagirdin Nigar və Bahar adlı müəllimlərinə Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.
Məsələ araşdırılıb və məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb:
“109 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib. Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq psixoloji yardım göstərilib.
Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb”.

Günel Hacı

Oxşar xəbərlər