2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olub. Görkəmli Alimin yubileyinin ölkə səviyyəsində qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 11 fevral 2019-cu il tarixdə sərəncam imazalayıb. Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində 03 may 2019-cu il tarixdə Azərbaycan Texnologiya Universitetində görkəmli folklorşünas, mətnşünas alim, akademik Həmid Araslının xatirəsinə həsr edilmiş “Alim ömrü olduğu kimi” adlı dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən İctimai elmlər və multikulturalizm, Xarici dillər kafedralarının müəllimləri ədəbiyyatımızın qüdrətli yolçusunun həyat və yaradıcılığına nəzər salaraq, görkəmli akademikin Azərbaycan ədəbiyyatının tədqiqat tarixində nə qədər müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər. Sonda alimin həyat və yaradıcılığını əks etdirən video-çarx izlənib.
ATU-nun Mətbuat Xidməti