SDU-da Sumqayıt şəhər orta məktəblərinin yuxarı sinif şagirdləri və valideynləri üçün ənənəvi olaraq “Açıq qapı” günü təşkil edildi

SDU-da Sumqayıt şəhər orta məktəblərinin yuxarı sinif şagirdləri və valideynləri üçün ənənəvi olaraq “Açıq qapı” günü təşkil edildi Bu gün ölkəmizdə yüksək savadlı, bilikli, elmli kadrlar var. Onların sayəsində dövlətimiz bir çox nailiyyətlərə, uğurlara imza atır. Sumqayıt Dövlət Universitetinin qarşısında duran ən böyük hədəf dövrün çağrışlarına cavab verməklə yanaşı, dünyanın nüfuzlu elm ocaqları sırasında olmaqdır. Bu məqsədlə universitetimiz bir çox uğurlu müqavilələrə imza ataraq, əməkdaşlığını genişləndirir, tanınmış mütəxəsisləri, alimləri tədris prosesinə cəlb etməklə kadr potensialını inkişaf etdirir, ustad dərslərini, orta məktəb şagirdlərinin universitetə ekskursiyasını təşkil etməklə tələbə potensialının formalaşması üçün çevik siyasət yürüdür. Artıq şagirdlərin ekskursiyası məktəbdən ali məktəbə ənənəvi körpüyə çevrilib. Mayın 18- də Sumqayıt Dövlət Universitetinin və Sumqayıt şəhər Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə şəhərimizdə yerləşən orta məktəblərin yuxarı sinif şagirdlərinin və valideynlərinin universitetlə tanışlıq məqsədi ilə ənənəvi olaraq “Açıq qapı” günü təşkil edildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov şagirdlərlə görüşdü. Bildirdi ki, şagirdlər arasında tanıtım münasibəti ilə təşkil olunmuş ekskursiya artıq ənənə halı alıb. Belə ekskursiyalar vasitəsilə şagirdlər ixtisas seçimini müəyyənləşdirir, gələcəkdə hansı təhsil müəssisənin tələbəsi adını qazanmaq qənaətinə gəlir, seçdikləri ixtisasların əmək bazarında yerini təyin edir. Prorektor şagirdlərə universitet, onun perspektivləri və üstünlükləri haqqında ətraflı məlumat verdi. O, universitetdə tələbələr qarşısında qoyulan tələblərlə yanaşı, onlara yaradılan geniş imkanlardan söz açdı. Bildirdi ki,hər bir ali təhsil müəssisəsinin özünəməxsus keçmişi, bugünü və gələcəyi vardır. Sumqayıt Dövlət Universiteti bu gün qazandığı nailiyyətləri qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran bir təhsil ocağıdır. Ulu Öndərin siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevi Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda qeyd etdiyi kimi Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Bu gün universitetin 3 tədris binası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin elmi kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, tələbələr üçün mütəmadi olaraq ödənişsiz ingilis, alman və rus dillərini öyrətmək üçün kursları təşkil edən Linqvistik mərkəz fəaliyyət göstərir.müasir avadanlıqlarla təchiz olunmuş qılıncoynatma idman zalı da daxil olan geniş idman kompleksi, 3 yeməkxanası vardır. Tələbə klubu nəzdində rəqs, qiraət kimi özfəaliyyət dərnəkləri, Debat-natiqlik klubu, Ritorika klubu, şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq, qılıncoynatma və s. idman bölmələri fəaliyyət göstərir. Universitetin elmi potensialının ildən-ilə artdığını qeyd edən prorektor universitetdə Dissertasiya Şurasının yaradıldığını da diqqətə çatdırdı. Bildirdi ki, SDU Rusiya, Türkiyə, Macarıstan, Avstriya, Finlandiya, İspaniya, İsveç, Litva, Almaniya, Polşa, Qazaxıstan, Gürcüstan və digər ölkələrin aparıcı universitetləri ilə təhsil sahəsində əməkdaşlıq edir. Tələbələr istehsalat təcrübələrini respublikanın aparıcı müəssisələri ilə yanaşı Türkiyənin İzmir şəhərində yerləşən Petkim Petrokimya Holdinq A.Ş-də və Rusiyanın nüfuzlu universitetlərində keçirlər. Universitetimizi bitirmiş minlərlə məzunlarımız müxtəlif idarə, müəssisə, təşkilatlarda yüksək vəzifələrdə çalışır.
Universitet haqqında ətraflı məlumat alan şagirdlər ilk olaraq xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan Mərkəzdə, fakültələrdə, yeni cihaz, avadanlıqlarla, “ağıllı lövhə”lərlə təmin edilmiş auditoriyalarla, laboratoriyalarla, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxanada yaradılan şəraitlə yaxından tanış oldular. Universitetin tanıtım çarxını izlədilər. Şagirdlər öz növbələrində universitetə səfərlərindən məmnunluqlarını ifadə etdilər. Gələcəkdə Sumqayıt Dövlət Universitetində təhsil almaq arzusu ilə şəhərimizin yeganə ali təhsil müəssisəsindən xoş təəsüratlarla ayrıldılar.

SDU-nun Mətbuat Xidməti




Oxşar xəbərlər