SDU-nun rektoru yüksək bal toplamış tələbələrlə görüşdü

SDU-nun rektoru yüksək bal toplamış tələbələrlə görüşdü Oktyabrın 10-da Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov 2018-2019-cu tədris ilində yüksək bal toplamış tələbələrlə görüşdü.
Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev və fakültə dekanları iştirak etdilər.
Əvvəlcə rektor yüksək nəticə əldə etməsi münasibətilə tələbələri təbrik etdi, savadlı, bilikli gənclərin ölkənin fəxri olduğunu bildirdi. Qeyd etdi ki, təhsilə göstərilən davamlı qayğının və müasir yanaşmanın nəticəsidir ki, tədrisin keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. Hər il ali məktəbə qəbul olanların və yüksək bal toplayanların sayının artması bunu bir daha təsdiq edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilin inkişafına və təhsil müəssisələrinə göstərdiyi diqqət və qayğı onu göstərir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir.Ölkə rəhbəri tərəfindən təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Bu gün dövlət başçısı tərəfindən aparılan siyasət nəticəsində ölkə gənclərinin özlərini istənilən sahədə təsdiq etmək üçün unikal imkanları yaranıb. Gənclərin nailiyyətləri ilə qürur duyduğunu qeyd edən rektor, bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti olduğunu bildirdi. Qeyd etdi ki, abituriyentlər ixtisas seçimi zamanı Sumqayıt şəhərində fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olan SDU –ya daha çox üstünlük verirlər.Çünkü universitetlər öz siması ilə tanınır. Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də şəhərin zəka ocağı və mədəni mərkəzi kimi öz fəaliyyətini bütün sahələrdə davam və inkişaf etdirir. Yaradılan tədris və elmi-tədqiqat laboratoriyaları, Linqvistik Mərkəz, auditoriyalarda yeni quraşdırılmış “ağıllı lövhələr”, universitetin bütünlüklə internet şəbəkəsinə qoşulması beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi universitetin nüfuzunu daha da artırır. Dünyanın aparıcı ali məktəblərinin professorları tələbələrimizlə görüşür və Məharət dərsləri keçirlər.
Rektor tələbələrə SDU-nun ictimai-sosial həyatında da fəal olmağı tövsiyə etdi, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırdı və tələbələri maraqlandıran sualları cavablandırdı, onlara təhsildə və həyatda yeni-yeni uğurlar arzuladı.
Tələbələr də göstərilən diqqətə görə rektor professor Elxan Hüseynova təşəkkür edərək ölkəmiz üçün potensiallı mütəxəssis və əsl vətəndaş kimi yetişmək üçün əzmlə çalışacaqlarını vurğuladılar.

SDU-nun Mətbuat Xidməti


SDU-nun rektoru yüksək bal toplamış tələbələrlə görüşdüSDU-nun rektoru yüksək bal toplamış tələbələrlə görüşdü

Oxşar xəbərlər