ADU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

ADU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dillər Universitetinin (ADU) elmi əməkdaşlıq şöbəsinin və bu təhsil ocağının nəzdində Konfutsi İnstitutunun əməkdaşları ilə Şinin Nanjing Universitetinin beynəlxalq təhsil sahəsində məsləhətləşmə mərkəzinin rəhbəri Bian Ventao arasında görüş keçirilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qonağa rəhbərlik etdiyi strukturun fəaliyyəti, Çin dili kurslarının işi, Çinin aparıcı universitetləri ilə tələbə mübadiləsi barədə ətraflı məlumat verib.
Bian Ventao Çin universitetlərində xarici tələbələrin tədris, təlim və təcrübə proqramlarından danışıb, tələbə mübadiləsi proqramlarını tətbiq etmək təcrübəsini bölüşüb.
Tədbirdə çıxış edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan və Çin universitetləri arasında elmi əməkdaşlığın genişləndirilməsinin, eləcə də birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri Xəyalə Məmmədova Çin universitetləri ilə əməkdaşlıq planlarından danışaraq, bunun Azərbaycan gənclərinin Çin tarixi və mədəniyyəti ilə tanışlığına və Çin dili bilik səviyyəsinin artırılmasına kömək edəcəyini vurğulayıb.
Sonda çinli qonaqlara ADU-nun Konfutsi İnstitutunun Azərbaycan və Çin dilində hazırladığı “İki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər