Azərbaycana qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım var

Azərbaycana qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım var Bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair mətbuat konfransı keçirir.
V.Hüseynov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin I yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0,4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur: “Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var”.
V.Hüseynov Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər barədə də məlumat verib. Onun sözlərinə görə, dəyişikliklərin gətirdiyi əsas yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin artırılmasıdır: “Belə ki, artıq onların ailə üzvləri də vizanın uzadılması üçün müraciətlər edə bilərlər. Bundan əlavə, müvəqqəti yaşamaq üçün icazənin alınması üçün şəxsin 100 min manat məbləğində bank hesabında vəsaiti olmalı idi. Bu prosesə nəzarət imkanları genişləndirilir. Bu 100 min manat əmanət müqaviləsi əsasında artıq yerləşdirilməlidir. Digər problem isə yaşamaq və iş icazələrinin hazır olduğu təqdirdə uzun müddət onları əcnəbilərin götürməməsi idi. Yeni dəyişiklikdə 1 ay müddətində bu ərizələr götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək”.

Günel Türksoy

Oxşar xəbərlər