Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları

Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Oqtay Quliyevin təqdimatında “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda təlim keçirilib.
Tədbirdə rektor Ceyhun Məmmədov rəhbərlik etdiyi ali məktəbdə tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislər yetişdirilməsi məqsədilə davamlı tədbirlər və görüşlər təşkil edilməsindən danışıb.
Rektor Ceyhun Məmmədov institutun fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. O, gənc kadrların intellektual səviyyəsinin yüksəldilməsində və daha böyük nəticələr əldə olunmasında bu cür təlimlərin xüsusi rol oynadığını vurğulayıb.
Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Oqtay Quliyev “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda məruzə ilə çıxış edib. O, etik-davranış qaydalarını dəqiqləşdirən normaların, həmçinin təminatların dövlət orqanlarının normativ hüquqi aktları ilə müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, yüksək nəticə əldə etmək üçün kollektivin böyük bir hissəsi məsuliyyətli, mehriban, yüksək iş bacarığına malik ixtisaslaşdırılmış peşəkar işçilərdən təşkil olunmalıdır.
Təlimdə işçinin şəxsiyyətinə hörmətlə yanaşmaq, bütün problemləri açıq müzakirə edərək vahid fikrə gəlmək, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəzifə borcunu səmərəli yerinə yetirmək, rəhbərlə, yaxud tabeliyində olanlarla nəzakətli və səbirli davranış haqqında geniş məlumat verilib.
Təlim tələbə və qonaqların maraqlı müzakirələri ilə davam edib.
Sonda təlim iştirakçıları sertifikatlarla təltif olunub.

[right]Aİİ-nin Mətbuat Xidməti
[/right]

Oxşar xəbərlər