Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli?

Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli?" adlı araşdırma hazırlayıb. Tehsil-press.az həmin araşdırmanı təqdim edir:
"Gündəlik qida rasionumuzda əsas yer tutan süd məhsullarından olan pendir insan orqanizmi üçün çox faydalıdır. Tərkibində zülal, yağ və digər bioloji fəal maddələr olan pendir, həmçinin A, B, D, E vitaminləri və kalsiumla zəngindir.
Pendir südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Süd və süd məhsulları yüksək risk qrupuna aid olduğundan istehlakçılar pendir alarkən mütləq bəzi məqamlara diqqət yetirməlidirlər.
Pendir alarkən saxlanma şəraitinə, məhsulun orqanoleptik göstəricilərinə mütləq fikir verilməlidir. Çünki köhnə və keyfiyyətsiz pendir zəhərlənməyə səbəb ola bilər.
Satış şəbəkələrindən alınan pendirin qida dəyərini qoruması üçün saxlanma şərtlərinə əməl olunmalıdır. Belə ki, pendiri alıb evə gətirdikdə dərhal soyuducuya yerləşdirmək lazımdır. Soyuducuda olan pendirin bir qismini istifadə etdikdən sonra, qalan hissəni əmtəə keyfiyyətini qoruyub saxlaya bilməsi üçün öz suyunda saxlamaq tövsiyə olunur. Əgər pendirin suyunda hər hansı keyfiyyət dəyişikliyi müşahidə edilərsə, onu evdə hazırlanan duzlu su məhlulu ilə əvəz etmək olar.
Keyfiyyətli pendir sərtliyi və ağ rəngi ilə seçilir. Qablaşdırılmış ağ pendir qapağı açıldıqdan sonra da öz suyunda saxlanmalıdır. Gündəlik tələbata uyğun, lazımi miqdar götürüldükdən sonra bu pendirlər öz suyunda və ya strec sellofana bükülmüş şəkildə 5-7 gün müddətində saxlanıla bilər. Ağ pendirlər, adətən öz təzəliyini və keyfiyyətini 2 həftə saxlayır. Motal və ya holland pendirləri kimi sərt pendirlər isə, bir neçə həftə istehlak yararlılığını qoruyur.
Pendir seçimi edən istehlakçılar, ilk növbədə pendirin suyunun olub olmamasına, yəni pendirin öz suyunda saxlanılmasına diqqət etməlidirlər. Əgər pendir duzlu su içərisində saxlanılmayıbsa, bu onun xarab olmasını sürətləndirir. Pendirlər, adətən qaranlıqda, +2℃ - +4℃ temperatur şəraitində saxlanmalı və istehlakçı satış obyektində məhsulun həmin temperaturda saxlanıldığından əmin olmalıdır.
Əgər pendir vakuumlaşdırılmış qablaşmadadırsa, o zaman ağzı açılmadığı müddət ərzində təminatlı saxlanma müdəti 1 ildir. Mikroorqanizmlərlə asanlıqla çirklənmə ehtimalı olduğu üçün yaxşı olar ki, qablaşdırması açıldıqdan sonra məhsul ən qısa müddətdə istehlak edilsin. Eyni zamanda, pendir şüşə, metal və ya keramik materialdan olan qablarda saxlanılmalıdır.
Holland pendirində isə bir qədər fərqli saxlanma şəraitinə əməl edilməlidir. Belə ki, lazımi miqdar götürüldükdən sonra qalan hissəni strec paketlə hava keçməyəcək şəkildə bükmək lazımdır. Əgər məhsul hava ilə təmas edərsə, pendirdə xarabolma əlamətləri daha da sürətlənəcək.
Yadda saxlamaq lazımdır ki, ağ pendir və onun növlərində temperatur, motal və ya holland pendirlərində isə rütubətin optimallığı qorunmalıdır.
Qablaşdırılmış pendirin üzərində məhsulun əmtəə nişanı, istehsalçının adı və ünvanı, istehsal tarixi, məhsulun xalis çəkisi qeyd edilməlidir. Son istifadə tarixi başa çatmış pendir istehlak edilməməlidir".

Tehsil-press.az


Oxşar xəbərlər