Dənizdə batan 4 uşaq qardaş övladları imiş...

Dənizdə batan 4 uşaq qardaş övladları imiş... Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatları məlum olub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Tehsil-press.az-a açıqlamasında bildirib ki, batan uşaqlar iki qardaşın övladları olub.
Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub. Onlardan 3-nün cəsədi sudan çıxarılıb, Cəfərzadə Zeynəbin meyitinin axtarışları isə davam etdirilir.
Məlumata görə, həmin gün Ramin Cəfərzadə həyat yoldaşıyla birgə dənizə gedərkən öz uşaqlarından başqa, qardaşı övladlarını da aparıb. Ramin də uşaqlarla birgə suda boğulurmuş. Lakin ətrafdakılar onu sudan çıxararaq ölümdən xilas edib. Bu zaman dənizin içində olan uşaqlar isə boğularaq ölüblər.
Qurum rəsmisinin sözlərinə görə, onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar.
"Vətəndaşlara tövsiyə edirik ki, xilasedicilər olmayan ərazilərdən çimmək üçün istifadə etməsinlər", - deyə Aqşin Əlili bildirib.
Qeyd edək ki, hadisə ötən gün Bakının Nardaran çimərliyində qeydə alınıb. Hadisə nəticəsində 12 yaşlı Cəfərova Mənsumə Əsəd qızı və 11 yaşlı qardaşı Əlirza, 8 yaşlı Cəfərzadə Leyla Ramin qızı və 10 yaşlı bacısı Zeynəb suda boğularaq ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər